Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiqlənib. Həmin Qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardan ibarət olmaqla müəyyən edilib: Maliyyə vəziyyəti haqqında hesabat; Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib. Göstərilənləri nəzərə alaraq, qeyri-hökumət təşkilatlarından “www.qht-hesabat.maliyye.gov.az” saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmələri və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarının və ya maliyyə fəaliyyətlərinin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmələri tələb olunur.