Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sabahinfo.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib.
Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.