“Dövlətimizin başçısı cənab İlham Əliyev 2003-cü ildə Prezidenti seçildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bəyan etmişdir ki, Azərbaycan ərazisinin bir qarışını da heç kimə güzəştə getməyəcək, bizim Ermənistana güzəştimiz o ola bilər ki, münaqişəni masa arxasında əyləşərək həll edək. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Güclü diplomat və mahir sərkərdə kimi ölkəmizin ərazi bötövlüyünü əsl Vətən oğlu kimi qorudu, bütün cəbhələrdən qalib əsgər kimi çıxdı. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normalaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Prezidentimizin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasına Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşü də əlavə edə bilərik”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Praqda baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir: “Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı cənab İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir.
Həmçinin Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. O, hər bir məsələdə Azərbaycanı dünyada humanist, sülhsevər ölkə kimi tanıdıb”.
AHİK sədri qeyd edib ki, vacib məqam isə ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsinin əsas hesab olunmasıdır: ”Bununla da Ermənistan Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir, eləcə də suverenliyi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edir. Təbii ki, sülh sazişinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycanın əsas hədəflərindən biri də bu idi. Dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi, dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı. Prezident İlham Əliyev 2 hissədən ibarət və beş saatdan artıq davam edən gərgin Praqa görüşündə ölkəmizin maraqlarını şərəflə təmin etdi. Sübut etdi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz”.
“Məlumdur ki, parlaq qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra qalib Azərbaycan dəfələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin vacibliyini vurğulayıb. Həmçinin bu məqam Ermənistana təklif olunan beş maddəlik prinsipdə də öz əksini tapıb. Odur ki, görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi məsələsində də razılığın əldə olunması ölkəmizin maraqlarına tamamilə uyğundur”, - Milli Məclisin deputatı əlavə edib.