Əziz həmvətənlər!
Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.
15 aprel 1985-ci il. Moskva.
O vaxt tələbə idim. Təhsilimi Moskvada alırdım. Ulu Öndər Heydər Əliyevin azərbaycanlı tələbələr üçün yaratdığı imkandan, belə ki, yüksək bal yığan tələbələrin Azərbaycanda olmayan ixtisaslar üzrə keçmiş Sovetlər ölkəsinin ən adlı-sanlı Universitetlərində "Milli kadr" kimi təhsil almasına yaratdığı şəraitdən mən də yararlanmışdım.
Zərifə xanımın vəfatı xəbəri qəlbi, ürəyi azərbaycan ilə döyünən bütün insanlar kimi biz tələbələri də kədərləndirmişdi.
Zərifə xanımla vida mərasimi Moskvada Alimlər evində təşkil olunmuşdu. Ulu öndər Heydər Əliyev, hörmətli prezidentimiz İlham Əliyev və ailə üzvlərinin, bütün Zərifə xanım sevərlərin iştirak etdiyi anım mərasimində mən də bir azərbaycanlı olaraq iştirak etdim. Dövlət, Hökumət üzvləri, çoxsaylı sadə insanlar Zərifə xanımın əziz ruhuna ehtiram edirdilər. Daha sonra soyuq aprel günü, çiskinli yağışlı bir havada, böyük bir izdihamla "Novodeviçye" qəbiristanlığında dəfn mərasimi. Bu gün isə Zərifə xanımın ruhu öz vətənində rahatlıq tapıb.
Allah rəhmət eləsin! Ruhu şad olsun!
Zərifə xanım Əliyeva- qayğıkeş ana, sədaqətli həyat yoldaşı, həkim, professor, alim. Zərifə xanım simasında biz nəcib qadın, insanlığa xas olan bütün ali komponentləri özündə birləşdirən bir azərbaycan xanımı, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazı görürük.
Zərifə xanım gözəl həkim, əsl elm fədaisi və görkəmli tədqiqatçı-alim idi. Onun həkimlikdə açdığı çığır Azərbaycanda yüzlərlə həkimin yetişməsində böyük rol oynayıb. Onun yaratdığı elmi məktəb bu gün də insanların, müxtəlif peşə sahiblərinin gözlərinə işıq verməklə xalqımıza xidmət edir. Bu böyük həkimin insanlara bəxş etdiyi nur, onun elminin dərinliyindən, mənəvi paklığından , şəxsiyyətinin böyüklüyündən irəli gəlir. Zərifə xanım Əliyeva insanlara nur bəxş edərək nura qovuşdu. Zərifə Əliyevanın bizə miras qoyduğu irs-ailə prinsipləri, həkimlik fəaliyyəti, elmi yaradıcılığı daim yaşayacaqdır.
Bizim hər birimiz, bütün xalqımız onu həmişə ehtiramla yad edir, xalqın qəlbində daim yaşayır.
İltizam Yusifov
Vl çağırış MM Deputatı
t.e.f.Doktoru
Əməkdar Mühəndis