Azərbaycan bayrağını 5 müxtəlif idman növündə zirvədə dalğalandıran əfsanə yeniyetmə...

Emili Rzayeva dəstək bayrağımızın bundan sonra da bir çox mötəbər yarışda ucalmasını təmin edə bilər

 

Bugünlərdə DİN-in İdman Cəmiyyətinin yetirməsi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, uşusanda üzrə dünya kubokunun qalibi, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, Azərbaycan Respublikasının idman ustası Emili Rzayeva, atası Emil Rzayevlə birlikdə “CBC TV Azerbaijan” kanalının qonağı olublar.

 

Veriliş çərçivəsində Rzayevlər ailəsi ilə 2022-ci ildə keçiriləcək beynəlxalq idman arenalarında yarışlar, məşqlər və sair mövzuda geniş fikir mübadiləsi aparılıb.

 

Cari ilin fevralında İstanbulda muay-tay üzrə Avropa çempionatı, apreldə Ukyanada kikboks K-1 versiyası üzrə beynəlxalq turnir, may ayında Moskvada uşusanda üzrə dünya çempionatı və İslam oyunları, iyunda Serbiyada boks üzrə Avropa çempionatı, noyabrda İstanbulda kikboks K-1 üzrə dünya çümpionatı keçiriləcək.

 

Qeyd edək ki, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayev idmançımızın atasıdır və baş məşqçisidir.

Onlar daha da əzmlə və səylə məşq edirlər ki, DİN-in yetirməsi Emili Rzayeva beynəlxalq turnirlərdə himnimizi səslədirsin və bayrağımızı dalğalandırsın.

 

Xatırladaq ki, Emili Rzayeva bir çox mötəbər turnirlərin qalibidir və beş idman növü üzrə yarışlara qatılır.

 

Məlumat üçün qeyd edək ki, Emili Rzayeva 23 avqust 2006-cı ildə Bakı şəhərində anadan olub.

 

Yasamal rayon 158 nömrəli orta məktəbin 10-cu sinifin şagirdidir. 11 yaşından cüdo idman növü ilə məşqul olmağa başlayıb. Cüdo üzrə 2 dəfə şəhər, 1 dəfə ölkə çempionu olub.

 

Türkiyədə keçirilən Tokat böyük beynəlxalq turnirin 60 kq qızıl mükafatcısı, 09.12.2017-ci ildə Bakı Dünya kuboku Budo uşusanda 60 kq. üzrə I yerin sahibi, 05.10.2019-cu ildə 63 kq-da yenidən qalib olmaqla ikiqat çempionluq tituluna yüksəlib. Emili Rzayeva 02.04. 2017-ci ildə konfusanda respublika cempionu, 2018-də Kempo döyüşü üzrə 63 kq-da Kempo kəmərinin qalibi olub. 2019 kikboks üzrə 63 kq-da ölkə cempionu, 2017, 2018, 2019-cu illərdə uşusanda üzrə 69 kq-da Bakı və Respublika cempionluğunu qazanıb.

07.06.2021-ci il tarixində Minsk şəhərində boks üzrə 63 kq-da Beynəlxalq turnirin qızıl mükafatçısı olan Emili Rzayeva 05.09.2021-ci ildə Kazan şəhərində boks üzrə 63 kq-da MDB ölkələrarası festivalın beynəlxalq turnirin III olub. 05.11.2021-ci ildə Monteneqro Budva şəhərində kiqboks K-1 versiyası üzrə Avropa cempionatın II kimi mühüm uğura imza atıb. Emili Rzayeva 2021 ildə 15 yaşında idman ustası adına, 2019-cu ildə isə Azərbaycan Respublikasında ilin ən güclü idmançısı adına layiq görülüb.

2022-ci ildə Emili Rzayevanın bir çox beynəlxalq yarışda iştirakı planlaşdırılır. Lakin yeniyetmə idmançımızın bu yarışlarda iştirakının təmin olunması üçün ona müvafiq dəstəyin göstərilməsi zəruridir. Əgər belə bir dəstək olarsa, o zaman əfsanə yeniyetməmiz Azərbaycan bayrağını bundan sonra da bir çox mötəbər turnirdə zirvədə dalğalandıra bilər ki, bu da hər birimizin, ilk növbədə, dövlətimizin uğuru deməkdir. İnanırıq ki, əlaqədar qurumlar, o cümlədən xeyirxah iş adamları Emili Rzayevanın bu turnirlərdə iştirakını təmin edəcək və biz yaxın gələcəkdə idmançımızın yeni-yeni uğurlarına şahid olacağıq.

Qeyd edək ki, yeniyetmə idmançımıza dəstək olmaq istəyən hər kəs bu telefon nömrəsi ilə əlaqə saxlaya bilər: 055 213 78 98