Böyük Britaniyanın Milli Cinayətlər Agentliyi Ankara ofisinin nümayəndəsi ilə görüş keçirilib

“Biz Azərbaycan gömrüyünün narkotik vasitələrin aşkar edilməsi metodologiyasını öyrənmək niyyətindəyik”.

Bunu Böyük Britaniyanın Milli Cinayətlər Agentliyi Ankara ofisinin Azərbaycan üzrə nümayəndəsi Con Qouldinq Dövlət Gömrük Komitəsində keçirilən görüşdə deyib.

Görüşdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, son illər gömrük sistemində aparılan islahatların əməliyyat-istintaq işinin daha da səmərəli şəkildə qurulmasına şərait yaratdığını vurğulayıb. 

Qeyd olunub ki, Azərbaycan gömrüyü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün qətiyyətli addımlar atır və görülən işlərin nəticəsi olaraq son illər bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib. Baş İdarənin rəisi diqqətə çatdırıb ki, Azərbaycan gömrüyü qaçaqmalçılığa, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və bu baxımdan Böyük Britaniyanın aidiyyəti qurumları ilə də əlaqələrin gücləndirilməsi ümumi işə fayda verəcək.

Böyük Britaniyanın Milli Cinayətlər Agentliyi Ankara ofisinin Azərbaycan üzrə nümayəndəsi Con Qouldinq Azərbaycan gömrüyünün qaçaqmalçılığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəaliyyətini yüksək qiymtləndirdiklərini bildirib. Son illər əldə olunan nəticələrdən məmnunluqla bəhs edən Con Qouldinq Azərbaycan gömrüyünün narkotik vasitələrin aşkar edilməsi metodologiyasını öyrənmək istədiklərini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.