Bunu hamı bilməlidir!

London şəhərində səfirliyimizə edilən hücum hər şeydən əvvəl Diplomatik fəaliyyətin tənzimlənməsi üzrə Vyana Konvensiyasının pozulmasıdır. London polisinin müdaxiləsi və səfirliyə qarşı vandalizm hərəkətləri törətmiş şəxslərin saxlanılması Böyük Britaniya tərəfindən Konvensiyanın şərtlərinə uyğun olaraq müvafiq addımların atıldığını göstərir. Lakin hücum faktının özü bir sıra ehtimallar yaradır ki, onların araşdırılması üçün bu fakt üzrə Azərbaycan və Böyük Britaniya hüquq-mühafizə orqanlarının birgə çalışmasına ehtiyac var.

İlkin məlumatlara görə səfirliyimizə hücum özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal qurumun üzvləri tərəfindən həyata keçirilib. Böyük Britaniyada bütün müsəlman dövlətlərinin səfirliyinin mövcud olması şəraitində bu qurumun niyə məhz Azərbaycan səfirliyinə hücum etməsi sual doğurur. Digər tərəfdən, bu hücumun Qarabağ ərazisində qeyri-qanuni yerləşən Ermənistan hərbiçiləri tərəfindən törədilmiş qanlı insidentdən dərhal sonra baş verməsi ehtimal yaradır ki, bu hücum beynəlxalq səviyyədə Azərbaycana qarşı hansısa məkrli bir təxribat planının tərkib hissəsi ola bilər. Bu hadisələrdə qarşılıqlı əlaqənin olub-olmadığı araşdırılmalıdır.

Həmin radikal qurumun Azərbaycan daxilində fəaliyyət göstərən hansısa təxribatçı qrupla və ya şəxslərlə əlaqədə olmasını da istisna etmək olmaz. Buradan belə bir ehtimal da yaranır ki, ölkə xaricində səfirliyimizə hücum edən qruplaşmanın ölkə daxilində hansısa marginal qruplarla işbirliyi mövcuddur. Əks halda həmin qrup üçün bu hücumun heç bir mənası olmazdı. Bu hücumun hansı qüvvələr tərəfindən nəyə və kimə qarşı mesaj olduğunun aydınlaşdırılmasına ehtiyac var.

Ən başlıcası isə bu radikal qruplaşmanın Azərbaycan səfirliyinə hücumunun arxasında üçüncü tərəfin, yəni hansısa dövlətin xüsusi xidmət orqanlarının dayana bilməsi də əsas ehtimallardan biri kimi araşdırılmalıdır.

Bir sözlə, özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikalların ölkəmizə qarşı mübarizədə əslində kimə və nəyə xidmət etdiyini aydınlaşdırmaq baş verənlərin əsl mahiyyətini açıb göstərə bilər.

30 illik müstəqillik tariximizdə dəfələrlə üzləşdiyimiz təhdid, terror və təxribat hadisələrinə qarşı Azərbaycan dövlətində kifayət qədər siyasi və hərbi immunitet formalaşıb və istənilən halda belə cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Son 30 ildə qazandığımız iki ən böyük qələbəni – müstəqilliyimizi və Vətən müharibəsindəki qələbəmizi heç kimə və heç nəyə güzəştə getməyəcəyik. Çünki bu qələbələr xalqımızın qanı bahasına qazanılıb və qanımızla-canımızla da qoruyacağıq. Bunu hamı bilməlidir – ölkənin daxilində də, xaricində də.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı