“Canımız bir, qanımız bir” adlı qanvermə aksiyası keçirildi 

25 oktyabr 2022-ci il tarixində Mərkəzi Qan Bankında Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türkiyə Qızıl Ay Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Canımız bir, qanımız bir” adlı qanvermə aksiyası keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti əməkdaşlıq çərçivəsində müəssisə və təhsil ocaqlarında Mərkəzi Qan Bankının iştirakı və dəstəyi ilə kütləvi qanvermə aksiyalarının təşkilini mütəmadi olaraq həyata keçirir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tədbir iştirakçılarını salamlayaraq, Cəmiyyətin qan donorluğu və humanitar sahədə həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumatla çıxış etmişdir. Aksiyanın qana ehtiyacı olan insanlara dəstək, məqsəd və məramını qeyd edərək, bu xeyirxah addımlarına görə qan donorlarına minnətdarlığını bildirib. Bu qəbil qanvermə aksiyalarının bundan sonra da keçiriləcəyini vurğulayıb.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da öz növbəsində bu aksiyanın əhəmiyyətindən və Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türkiyə Qızıl Ay Cəmiyyəti arasında əməkdaşlıqdan bəhs edərək bu kimi tədbirlərin önəmini bir daha vurğulayıb. Bu aksiyalarda toplanan qanın ehtiyaclı insanlara həyat verəcəyini qeyd edib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov da öz çıxışında dövlət səviyyəsində qan donorluğu sahəsində həyata keçirilən tədbirlərdən söz açdı, qana olan ehtiyacın daimi olmasından bəhs edərək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu sahədə fəaliyyətlərini xüsusi vurğulayıb.

Tədbirdə eyni zamanda Mərkəzi Qan Bankının direktoru Qumral Vəliyeva, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov, Azərbaycan Qızıl Aypara və Türkiyə Qızıl Ay Cəmiyyətinin rəhbərliyi, məsul əməkdaşları, könüllüləri, bir çox digər təşkilat və şirkətlərin əməkdaşları, eləcə də sənət adamları, türk iş adamları da iştirak ediblər.

Ümumilikdə 150 nəfərdən çox şəxsin qatıldığı aksiyada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da qan veriblər.