Cəlilabadda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirib.

Öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Cəlilabad Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət olunub, önünə tər güllər düzülərək ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı  xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Mirsüleyman Mirxaslı bildirib ki, ümummilli lider Heydər Əliyevin parlaq ideyaları əsasında xalqımızın və dövlətimizın bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin bariz təzahürüdür.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnib, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə nüfuzlu, qüdrətli dövlətə çevrilib.

Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov  çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı, inamlı siyasi istinadgah yeridir.

Milli Məclisin deputatı Əli Hüseynli çıxışında Heydər Əliyev ideyalarının böyük zəfərlərə yol açdığını söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını, möhtəşəm Qələbəyə imza atmaqla tarix yazdığını vurğulayıb.

Milli Məclisin deputatı Malik Həsənov Yeni Azərbaycan Partiyasının qələbələr partiyasi olduğunu söyləyib. Bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbə ilə özünün ən böyük məramını gerçəkləşdirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Milli Məclisin deputatı Elman Nəsirov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində tarixi uğurlara imza atıb.

YAP Cəlilabad rayon təşkilatının fəalları Rəxşəndə Qasımova, Yeganə Rzayeva və Vətən müharibəsi iştirakçısı Aqil Nəzərov çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün inkişaf strategiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətində öz bəhrələrini verir.

Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edilib.

Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.