Çoxşaxəli mahiyyət daşıyan səfər

Son zamanlar Azərbaycan dövlətinin xarici siyasətdə tutduğu mövqe Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur. Buna bariz nümünə olaraq bütün ölkələr və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı səmərəyə əsaslanan, sülh və sabitliyə zəmin yaradan xarici siyasətimizin olmasını qeyd edə bilərik.

Cənab İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana uğurlu səfəri baş tutdu. Səfər çərçivəsində keçirilən tədbirlərdə dövlətimizin başçısının və dost ölkənin Prezidenti xanım Katalin Novakın, Baş naziri Viktor Orbanın ifadə etdikləri fikirlərdən açıq- aydın görünür ki, hər iki tərəf öz aralarındakı dostluq münasibətlərinin, yüksək siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın möhkəmləşməsində də maraqlıdırlar.

Ölkəmizin başçısı mətbuata bəyanatında vaxtilə tarixə qovuşmuş sayılan “NABUKKO” layihəsinin yenidən canlandırıldığını da diqqətə çatdırdi. Cənab Prezident, interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacağını söylədi. Həmiçinin Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcəyini bildirdi.

Dövlət başçısı İlham Əliyevin baş tutan işgüzar səfərləri Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını göstərir. Bunu da dövlətimizin beynəlxalq siyasətinin daha bir uğuru hesab etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev Avropada enerji təhlükəsizliyinin və iqtisadi sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona görə Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Elə bu səfər zamanı da Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm” deyə vurğulayıb.

Bir məsələni də xüsusilə qeyd etmək vacibdir ki, Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir. İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Belə ki, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmində kəskin artımlar müşahidə edilir. Təkcə keçən il ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmi 75 faiz artıb. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu qurulub. Bunun da sayəsində açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika habına çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Əməkdaşlıq üçün vacib olan digər mühüm istiqamət minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Prezident İlham Əliyev bildirib ki, bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Budapeştdə imzalanmış Azərbaycan-Macarıstan sənədləri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq, podrat layihələrində iştirak etmək imkanlarını kifayət qədər genişləndirir. Beləliklə təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələrini vurğulamaq vacibdir. Belə ki, Azərbaycanın 200 gənci tələbə təqaüdləri ilə Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli bir hadisədir.

Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova