Kərim Vəliyev Rusiya sülhməramlılarına təşəkkür edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib.

Sabahinfo.az xəbər verir ki, K.Vəliyev bu barədə Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.

“Missiyanızın başa çatması münasibətilə sizi təbrik edirəm. Sizə Qarabağda sülh və stabiliiyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”, - general-polkovnik vurğulayıb.

K.Vəliyev xatırladıb ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirilib:

“Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı.Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edilib".