Müzəffər Ali Baş Komandan Laçın şəhərində üçrəngli bayrağımızı ucaltmaqla, tarixi ədaləti bərpa etdi

Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması və Laçından verdiyi bəyanatlar gərgin geosiyasi situasiyada rəsmi Bakının mövqeyinin və güc mərkəzi kimi nüfuzunun bir daha bəyan edilməsi baxımdan son dərəcədə zəruri bir gediş oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, ilk növbədə, bu səfər 12-13 sentyabr erməni təxribatlarına cavab olaraq həyata keçirilən əks həmlə əməliyyatlarının siyasi yekunu hesab oluna bilər. Prezident İlham Əliyevin özünün ifadə etdiyi kimi, “Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli bayrağımız bizim Zəfərimizin rəmzidir”.

Prezident İlham Əliyevin çıxışının daha bir reallığı üzə çıxardığını qeyd edən deputat deyib: “Aydın oldu ki, Azərbaycan Prezidenti sərrast taktiki-siyasi gedişləri ilə Ermənistanı və havadarlarını elə İrəvanın öz təcavüzkar siyasətinin qurbanına çevirib. Belə ki, əgər İrəvan faktiki olaraq sərhədlərin delimitasiya və demarkasiya prosesində real addımlardan yayınırsa, sərhəd tanıma prosesi reallaşmayıbsa 12-13 sentyabr hadisələrindən sonra Azərbaycana yönəlmiş istənilən ittiham hüquqi cəhətdən əsassızdır. Dövlətimizin başçısının da dediyi kimi, “bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq”.

Azərbaycan rəhbərinin digər möhtəşəm, hüquqa və ədalətə əsaslanan diplomatik konfiqurasiyası isə bu məqamda işə düşür - delimitasiya hansı xəritələr əsasında həyata keçiriləcək? Prezident İlham Əliyev bütün dünyaya bəyan edərək XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələrə diqqət çəkməklə, əslində, həyata keçirilməsi on illər sürə biləcək titanik, konseptual bir fəaliyyəti yerində və məqamında, bütün maraqlı qüvvələrin gözü Laçında ikən cəmi 24 dəqiqəlik bir çıxışla reallaşdırdı. Azərbaycan Prezidentinin də dediyi kimi, “Xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir”.

Laçın səfərinin digər əhəmiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev üçtərəfli Bəyanatın öhdəliklərinə uyğun olaraq Laçın şəhərinin, Zabux və Sus kənlərinin boşaldılmasının məhz Azərbaycanın şərtləri və iradəsi daxilində təmin olunmasını rəsmiləşdirdi və dünyaya nümayiş etdirdi ki, həqiqətən bizi heç kim dayandıra bilməz”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, 30 illik erməni işğalına yol açmış əsas amillərdən biri Laçın və Şuşanın işğalı və bu işğala xəyanətkarcasına rəvac verilməsi idi. Ermənistan və digər 3-cü dövlətlər məhz bu rayonlar işğal edildikdən sonra Xankəndi ilə sərbəst kommunikasiya quraraq separatizmi və terrorçu quldur rejimi açıq və gizli formada dəstəkləyirdi. Müzəffər Ali Baş Komandan Laçın şəhərində üçrəngli Bayrağımızı şəxsən ucaltmaqla, tarixi ədaləti bərpa etdi, habelə, AXC-Müsavat rejimini xalq qarşısında məsuliyyətdən azad etməsə də onların xəyanətinin 30 illik zərərli siyasi nəticələrini aradan qaldırmış oldu. Üstəlik, Ağdam, Kəlbəcər, Laçın kimi alınmaz qalaya da bir güllə atmadan, şəhid vermədən geri dönüşü təmin etməsi Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə düşdü.