Qarşılıqlı əməkdaşlıq

Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.

Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar.

Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Baş nazir Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik”.

Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterini və strateji tərəfdaşlıq səviyyəsini nümayiş etdirir.

Turan Kərimli - ADPU tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri