Qayınatası tərəfindən öldürülüb zibil qabına atılan qadının övladları nəzarətə götürüldü

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Bakıda qayınatası tərəfindən doğranaraq qətlə yetirilən qadının iki azyaşlı övladını nəzarətə götürüb.

Bu barədə Trend-ə açıqlamasında komitənin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib. O bildirib ki, hadisə baş verən gün komitə dərhal hadisə ilə maraqlanıb və məsələni nəzarətə götürüb:

“Bu hadisə hər birimizi kədərləndirir, gənc ananın xüsusi amansızlıqla qətlə yetirilməsi və iki azyaşlı övladının valideynsiz qalmasından təəssüflənirik. Komitə bu hadisə ilə bağlı araşdırmalar aparıb və anasını itirən iki azyaşlını mütəmadi nəzarətdə saxlayır. Hazırda iş üzrə istintaq gedir və uşaqlar ata nənəsinin himayəsindədir. İstintaq başa çatandan sonra əgər ehtiyac yaranarsa, uşaqlar ailədən alınıb dövlət himayəsinə veriləcək”.