Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı.
1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1987-ci il dekabrın sonu və 1988-ci ilin yanvarında əzab və əziyyətlərə, işgəncələrə məruz qalan azərbaycanlılar Ermənistandan, öz ata-baba yurdlarından qovuldular. Bu haqlı qəzəb idi. Uzun illər təcavüzə hazırlaşan və təşkilatlanan ermənilərdən fərqli olaraq, Azərbaycan tərəfi ehtiyatsızlıqdan yaxalandı.
Ancaq buna baxmayaraq xalq öz etirazını bildirir, bu haqsızlığa son qoyulmasını tələb edirdi. 1988-ci ildə keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 149 (onlardan 2 nəfər naməlumdur) nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Yanvarın 21-də o zaman Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan başda Mixail Qorbaçov olmaqla bütün cinayətkarların cəzalandırılmasını tələb etdi. Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
1990-cı il 20 Yanvar Azərbaycan tarixində müstəqillik və azadlıq uğrunda qəhrəmancasına mübarizənin səhifəsi kimi əbədi olaraq qalacaq, xalqımız onu sındıra bilməyəcəyini, ümumi birlik naminə birləşdirə biləcəyini göstərdi. Hazırda Azərbaycan xalqının qarşısında duran mühüm problemlərin həlli üçün daha böyük birliyə ehtiyacı var. Məsələn, Ermənistan sülhdən, sülh müqaviləsi imzalamaqdan danışsa da, eyni zamanda fəal şəkildə yeni silahlar əldə edir. Əgər İrəvandakı hakimiyyət həqiqətən də Qafqazdakı düşmənçiliyə birdəfəlik son qoymaqda maraqlıdırsa, bəs niyə onlar öz təvazökar dövlət büdcəsindən külli miqdarda pulu silah almağa xərcləyirlər, niyə bu qədər fəal şəkildə üçüncü dövləti, Qafqaz reallıqlarından uzaq olan tərəfləri regiona, ikitərəfli danışıqlara cəlb etməyə çalşırlar. Bunlar hamısı aktual suallardır.
Ona görə də hamımız 20 Yanvar faciəsini xatırlayaraq, yeni çağırışlar qarşısında daha da güclənməliyik. Unutmaq olmaz ki, Azərbaycan necə mürəkkəb regiondadır, bizim necə qonşularımız var, geosiyasi mərkəzlərin, güclü dövlətlərin Cənubi Qafqazda hansı maraqları var. 1990-cı il yanvarın 20-də, Birinci Qarabağ və Vətən müharibəsi illərində, 2023-cü ilin sentyabrında xalqın qəhrəmanlığına söykənən müstəqil Azərbaycanı bütün gücümüzlə qorumaq, yaşatmaq və müdafiə etmək bizim borcumuzdur.
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova