Hər başlanan yeni il ötən dövrün ən mühüm nailiyyətlərini, uğurlarını, eyni zamanda, qarşıda dayanan vacib məsələləri nəzərdən keçirmək və gələcək perspektivləri müəyyən etmək üçün bir imkandır. Hazırda dünyanın nizamı yenidən qurulur. Və bu prosesdə Azərbaycan maksimum öz maraq və mənafeyini qorumaq və mövqeyini daha da gücləndirmək üçün bir çox tədbirlər həyata keçirir. Ölkə başçısının apardığı daxili və xarici siyasət nəticəsində dövlətimizin qüdrəti artmış, Cənubi Qafqazın lideri olmuş, həmçinin dünyada nüfuzu yüksəlmişdir. Lakin əlbəttə ki, keçən ilin ən önəmli hadisəsi respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, öz tarixi ərazisində erməni separatizminin kökünü kəsməsi oldu. Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu tarixi günü bir daha diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını vurğuladı. İki əsrdən bir qədər çox Azərbaycanın daxilində kök salmış separatizm nəhayət ki, məhv edildi. Bütün şəhsidlərimizin qisası alındı. Qarabağa, Şərqi Zəngəzura qədəm qoyan hər bir Azərbaycanlı bunu daha yaxından hiss edir. Həq qarşı şəhid, qazi qani ilə yuyulmuş Vətən torpağı insanda qeyri-adi hisslər oyadır. Azərbaycanın bütün kənd və şəhərləri sanki öz bütövlüyünə qovuşub. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar qürurla, fəxrlə "mənim vətənim Azərbaycandır"- deyir. Çünki artıq qalib, yenilməz xalq olduğunu bütün dünya gördü. Edilən təzyiqlərə, təsirlərə baxmayaraq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev bu mübarizədən bir dəqiqə belə kənara çəkilmədi. İqtidar-xalq-ordu birliyi bu möhtəşəm Qələbəni təmin etdi. Ölkə başçısı bunu müraciətində xüsusi vurğulayaraqqeyd etdi ki, “dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın”. Azərbaycan öz ərazisində separatizmə qalib gəlməsi ilə bir ilkə imza atdı.Bu gün bütün dünya bu nadir təcrübəni öyrənir.
Artıq regionda yeni reallıqlar yaranmışdır. Prezident İlham Əliyev xalqa müraciətində bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Taliş kəndi, Zəngilanın Ağalı kəndi, Laçın şəhəri, Zabux kəndi, Füzuli şəhərində məskunlaşan insanların Vətən həsrəti başa çatıb. 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Prezidentin xalqa müraciətində verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir. Bu həm də Xocalı soyqırımının dünyada tanınmasına xüsusi təkan verəcəkdir.
Prezident çıxışında həm Ermənistana, həm də ermənilərin Qərbdəki havadarlarına bir daha xəbərdarlıq etdi: "Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin". Azərbaycan Prezidenti heç zaman arqumentə əsaslanmadan fikir bildirmir. Onun bütün bəyanatlarının təməlində real hərbi-siyasi və iqtisadi güc amili dayanır və dövlət başçısı özü də bunu açıq şəkildə bəyan etdi. “Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”. Eyni yanaşma ilə, 2024-cü il hərbi sənayemizin inkişafında da mühüm dövr olacaq və tarixi çıxışda da ifadə olunduğu kimi, “gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq, hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq”. Bu reallıqlarla barışmaq istəməyənlərlə bağlı isə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın oldu: “Bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”. Bununla da Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa builki müraciətini əminliklə Azərbaycanın iqtisadi, hərbi gücününü fadəsi, birliyimizin rəmzi və həmrəyliyimizin təntənəsi hesab edə bilərik.
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova