Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev jurnalistlərə deyib. Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə əsas missiya Fransa, Rusiya və ABŞ-ın üzərinə düşür, hazırda formatın dəyişikliyinə ehtiyac yoxdur. H.Hacıyev qeyd edib ki, Ermənistana təzyiq etməyin, ona qarşı sanksiyalar tətbiq etməyin və deskrutiv mövqedən imtina etməyin vaxtı çatıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləməlidirlər".