Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.
İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi. Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsini törətdilər və uşaqlara, qadınlara, yaşlı insanlara belə aman vermədən şəhəri bir gecənin içində yerlə-yeksan etdilər. Bir vaxtlar çiçəklənən, ahəngdar inkişaf edən şəhər və kəndlərimiz işğal dövründə, sözün əsl mənasında, erməni vəhşiliyinə tuş gəldi.
Beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin, o cümlədən də artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun loyallığı, işğalçılıq siyasətinə görə Ermənistanın cəzalandırılmaması mənfur düşməni daha da ruhlandırırdı. Ermənistan işğal məhsulu olan status-kvonu sonsuzluğadək saxlamaq niyyəti güdürdü və bundan ötrü müxtəlif təxribatlara əl atırdı. Hətta müharibədən əvvəl keçmiş təmas xətti boyunca və iki ölkə arasındakı sərhəddə təxribatları daha da intensivləşdirən işğalçı ölkədən “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidilirdi.
Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Dövlətimizin başçısı yuxarıda bəhs etdiyimiz çıxışında bunu xatırladaraq deyib: “Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”.
Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdı. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstək oldu. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıl. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçdı.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb.
Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.
İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür.. Müharibə vaxtı biz birləşərək zəfər qazandıq, bu gün də birləşərək, bir millət olaraq Qarabağın yenidən quracağıq.
Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.
Əminə Ağazadə
Milli Məclisin deputatı