Bu il 8 Noyabr- Zəfər Günü xüsusilə əlamətdar olacaq - axı, tarixdə ilk dəfə olaraq ölkəmiz öz suverenliyini bərpa edərək tarixi Qələbəsini qeyd edəcəkdir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi təkcə Azərbaycanın deyil, bütün regionun tarixində dönüş nöqtəsi oldu. Qalib Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəhayət Qarabağ separatizmi probleminə son qoyuldu və Cənubi Qafqazın sülh və inkişaf yolunu açdı.
Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı və 2023-cü il sentyabr ayında 1 gün davam edən lokal xarakterli tədbirlər yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli”! Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Ordusunun əsgər və zabiti dövlət himnimizdə deyildiyi kimi, hüququndan keçərək qəhrəmanlıq dastanı, yeni nəsli hərb tarixi yazdı. Bu Azərbaycanın erməni təbliğatına, miflərinə, dünyadakı lobbilərinə, təcavüz və təxribatlarına qarşı mübarizəsi idi. Onların çoxsaylı istehkamları, bunkerləri, xaricdə kütləvi təbliğatı, infrastrukturu, fondları, diaspor təşkilatları - Azərbaycan bütün bunların öhdəsindən məhz Prezident İlham Əliyevin siyasəti sayəsində nail olub. Dövlət başçısı uzun illər Azərbaycanı irəliyə - tərəqqiyə, iqtisadiyyatın və ordunun inkişafına, müasirləşməyə aparıb və onun uzunmüddətli strategiyası ölkəmizi belə yüksək səviyyəyə çatdırıb, bizə düşmən üzərində belə nəzərəçarpacaq üstünlük verib. Ermənilərin 30 il işğalda gördükləri hər şeyin 44 gündə öhdəsindən və məğlubiyyətindən xəbər verir. 2020-ci ildə erməni işğalçılarının məğlubiyyətinə baxmayaraq, Azərbaycanın o dövrdə formalaşmış yeni status-kvonu dəyişdirə bilməyəcəyinə inanan bəzi skeptiklər hələ də var idi. Hətta bəzi “mütəxəssislər” Şuşa şəhərinin işğaldan azad edilməsinin ölkəmizin bacara biləcəyi maksimum hədd olduğunu bildirdilər. Bu skeptiklərin və erməni havadarlarının əsas arqumenti ondan ibarət idi ki, guya beynəlxalq ictimaiyyət “artıq regionda hərbi əməliyyatların aparılmasına icazə verməyəcək”. 2021-ci ildə isə azərbaycanlı ekoloji fəallar Laçın yolunda etiraz aksiyasına başlayanda bəzi dövlətlər açıq şəkildə Azərbaycana təzyiq göstərməyə çalışmağa başladılar - Fransa bu işdə xüsusi “aktivlik” göstərdi. Qərbin müəyyən dairələri Azərbaycanın Zəfərindən narahat idilər. Onlar vəziyyəti qeyri-müəyyənlikdə saxlamaq üçün müxtəlif planlar hazırlayır, iclaslar çağırır, qərarlar qəbul edirdilər. Azərbaycana təzyiqlər, dövlətimizin başçısına qarşı çirkin kampaniyalar, Avropa Parlamenti, Avropa Şurası və digər Avropa strukturlarının “sanksiya hədəsi” şəklində blefləri Qərbin Azərbaycana münasibətinin bariz göstəricisi idi. Bu hücumların məqsədi ölkəmizə və şəxsən Prezident İlham Əliyevə təzyiq göstərmək cəhdi, 44 günlük müharibə nəticəsində yaranmış status-kvonu düzəltmək yolu ilə Azərbaycanın suverenliyinin tam bərpasına mane olmaq, yəni mahiyyət etibarı ilə Ermənistan-Azərbaycan münaqişəsini yenidən “dondurmaq” idi. Lakin zaman göstərdi ki, Prezident İlham Əliyev dövlət başçısının dəfələrlə vurğuladığı kimi, nəyi, necə və nə vaxt edəcəyini hamıdan yaxşı bilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan qalan məsələləri siyasi yolla həll etmək istəyirdi. Təəssüflər olsun ki, erməni cəmiyyətində revanşizm ideyaları üstünlük təşkil etdi və separatçıların təxribatları zaman keçdikcə daha cəsarətli və şiddətləndi.
Bu ilin sentyabr ayında baş verən faciə Azərbaycanın səbrini tükəndirdi və Ali Baş Komandan lokal xarakterli antiterror tədbirlərinə başlanılması barədə göstəriş verdi. Azərbaycan hərbi qulluqçuları mülki obyektlərə və mülki əhaliyə ziyan vurmayıb, hədəf yalnız düşmənin qanuni hərbi obyektləri oldu. Ordumuzun səyi nəticəsində separatçılar 24 saatdan az müddətdə təslim olublar. 2023-cü il sentyabrın 20-də Azərbaycanın erməni işğalçıları və separatçıları üzərində qazandığı hərbi-diplomatik Qələbə öz məntiqi yekununa çatdı. Bütün təzyiq və təhdidlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənlik, praqmatizm, siyasi iradə nümayiş etdirərək Azərbaycan xalqına növbəti Qələbəsini bəxş etdi. Bu gün Azərbaycan bayrağı Qarabağın hər bir guşəsində dalğalanır. Oktyabrın 15-də Azərbaycan bayrağının Xankəndində dalğalanması 8 noyabr Qələbə Gününə bərabər olan tarixi hadisədir. Biz bu Qələbəni illərlə gözlədik. Heç kim inanmayanda Ulu Öndər Heydər Əliyev ruhdan düşmürdü inanır və xalqı da inandırırdı: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”. Bəli biz onlarsız yaşaya bilməzdik və yaşamaqdıq. Hər dəfə qaçqın və məcburi köçkünlərlə görüşəndə Prezident İlham Əliyev deyirdi ki, gün gələcək biz öz doğma torpaqlarımıza qayıdacağıq! 3 il bundan əvvəl noyabrın 8-də Ümummilli Lideri və Şəhidlər Xiyabanını ziyarət edərək , xalqa müraciətində dedi ki, "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” Bəli bu gün bu tarixi torpaqlarımız uğrunda şəhid olan hər bir vətəndaşımızn, torpaq , Vətən həsrəti ilə bu dünyadan köçən hər bir vətəndaşımızın ruhu şaddır. Biz Şəhidlərimizə sonsuz ehtiramımızı bildirir, onların əziz xatirələrini yad edirik. Qazilərimizə can sağlığı arzulayırıq!
Bu gün Azərbaycan iqtisadiyyatı dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr sayəsində sabitlik və yüksəliş nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil xarici siyasət kursunu uğurla davam etdirir, ölkəmizin iqtisadiyyatı özünü təmin edir və kənar dəstəyə ehtiyacı yoxdur. Azərbaycan dünya siyasətində nüfuza malikdir, sülh, sabitlik və iqtisadi əməkdaşlığa nail olmağa yönəlmiş təşəbbüsləri fəal dəstəkləyir. Bu gün dünya xəritəsində həqiqətən müstəqil siyasət yeritmək iqtidarında olan dövlətlər çox azdır və Azərbaycan öz gücü, iqtisadi və hərbi qüdrəti, müstəqil xarici siyasəti sayəsində belə azsaylı dövlətlərdən biridir - bunu biz Prezident İlham Əliyevə borcluyuq. İkinci Qarabağ müharibəsinin başa çatmasından cəmi üç il keçir, lakin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti altında işğaldan azad edilmiş ərazilər artıq transformasiya olunur: miqyası, sürəti və estetikası baxımından misilsiz işlərə başlanılıb. Keçmiş məcburi köçkünlər artıq Qarabağa və Şərqi Zəngəzura qayıdırlar və Qələbə bayramını öz doğma şəhərlərində və kəndlərində yeni evlərdə qeyd edəcəklər. Prezident İlham Əliyev həm geosiyasi, həm də geoiqtisadi mənada ölkəmizin regionda mütləq liderliyini möhkəmləndirərək Cənubi Qafqazda tamamilə yeni reallıq qurdu. Bu gün bütün dünya Orta dəhlizin - Şərqdən Qərbə və geriyə tranzit yüklərin ölkəmizdən keçən marşrutunun tezliklə işə salınmasının zəruriliyindən danışır. Bu marşrutun ən mühüm komponenti olan Zəngəzur dəhlizi Azərbaycanı Avrasiyanın ən böyük tranzit mərkəzinə çevirəcəkdir.
Azərbaycan bu gün qeyri-mümkün görünən layihələri, təşəbbüsləri həyata keçirən ölkədir. Azərbaycan indi yeni dövrə qədəm qoyur. Müstəqil, güclü, suveren dövlətin vətəndaşı olmaq isə xüsusi bir fəxrdir, qürurdur! Zəfərimiz mübarək!
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova