ABŞ-ın kəşfiyyat orqanlarının məxfiliyi ləğv edilən sənədində iddia edilir ki, Rusiya Prezidenti Vladimir Putinin ətrafı ona baş verən hadisələrlə bağlı dəqiq və dolğun məlumat vermir.
Məxfi sənədin bəzi detalları barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild məlumat verib.
“Bizdə olan məlumata əsasən, Vladimir Putin Rusiya hərbçiləri tərəfindən aldandığını hiss edir və bu, onunla hərbi rəhbərlik arasında gərginliyə səbəb olub”, - K.Bedinqfild vurğulayıb.
“Biz hesab edirik ki, Putinə müşavirləri tərəfindən ordunun fəaliyyəti və Rusiya iqtisadiyyatının sanksiyalardan nə qədər zərbə aldığı barədə yanlış məlumat verilir. Belə ki, köməkçiləri Rusiya Prezidentinə həqiqətləri söyləməkdən qorxurlar”, - deyə Ağ Ev rəsmisi söyləyib.
K.Bedinqfildin sözlərinə görə, Co Bayden administrasiyası Ukrayna ilə müharibənin Rusiya üçün nə qədər strateji səhv olduğunu göstərmək üçün bu məlumatın məxfiliyini ləğv etmək qərarına gəlib.
Oxşar fikirləri Britaniyanın elektron kəşfiyyat xidmətinin və hökumət rabitə mərkəzinin rəhbəri Ceremi Fleminq də səsləndirib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumdan əvvəl həm ordusunun, həm də qarşı tərəfin gücünü qeyri-adekvat qiymətləndirib və indi də ətrafındakılar ona real vəziyyətlə bağlı hesabat verməkdən ehtiyat edirlər.
Öz növbəsində Pentaqonun sözçüsü Con Kirbi də bəyan edib ki, ABŞ hərbi rəhbərliyi bu məsələdə ölkənin kəşfiyyat orqanları ilə həmfikirdir.
“Bu, onun ordusudur (Vladimir Putini nəzərdə tutur - red.) Bu, onun müharibəsidir. O özü bunu seçdi... Rusiya Prezidentinin öz ordusunun Ukraynada hansı dərəcədə uğursuzluğa düçar olduğunu tam başa düşə bilməməsi bəzi narahatlıqlar yaradır”, - Con Kirbi vurğulayıb.
Pentaqonun sözçüsü hesab edir ki, Vladimir Putinin baş verənlər barədə real məlumata malik olmaması münaqişənin sona çatması istiqamətində aparılan danışıqlar zamanı doğru olmayan qərarların qəbul edilməsinə səbəb ola bilər.