ABŞ Rusiyanın Ukrayna limanlarına girişin blokdan çıxarılması müqabilində sanksiyaları ləğv etmək təkliflərini rədd edir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“Əlbəttə, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Rusiya Federasiyasından əvvəllər də boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan eşitdiyimiz müxtəlif vəd və təkliflərə skeptik yanaşmağa əsasımız var”, – deyə Prays qeyd edib.
O, Rusiyanın ərzaq və enerjidən silah kimi istifadə etməyə çalışmasını dəhşətli hal adlandırıb.
“Dünyada xammalın, ərzaq qiymətlərinin artması problemlərinin ən sürətli həll yolu rusiyalıların bu amansız müharibəni sonlandırması, Rusiyanın Ukrayna limanlarının blokadasına son qoyması, taxıl elevatorlarına, taxıldaşıyan gəmilərə hücumların dayandırılmasıdır”, – deyə Prays əlavə edib.