Ağcabədi seçiciləri YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 86 saylı Ağcabədi seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin Ağcabədi rayonunun Ağabəyli və Cəfərbəyli kəndlərində seçicilərlə görüşü keçirilib.

 

Əvvəlcə Ağcabədi şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi liderin xatirəsi hörmət və ehtiramla yad olunub. Daha sonra Ağcabədi rayon Qəhrəmanlar xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.

Rayonun Ağabəyli və Cəfərbəyli kəndlərinin seçiciləri ilə keçirilən görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hər iki kənddə görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə böyük inamla getdiyini və “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, bildirib ki, YAP bütün seçkilərdə hər zaman mütəşəkkil qaydada iştirak edib.

Görüşlərdə deputatlığa namizəd Tahir Rzayev çıxış edərək qeyd edib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılıb. Bu hədəflər haqqında isə partiyanın seçki platformasında ətraflı məlumat verilir. Tahir Rzayev seçiciləri Milli Məclisə keçriilən seçkilərdə fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər adından çıxış edən Ağabəyli kənd sakinləri Rahilə Şükürova və Bakir Mehtiyev, Cəfərbəyli kənd sakinləri Valeh Atakişiyev, Rakif Kərimov və Süleyman Əliyev 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.