Asif Əsgərov
Milli Məclisin deputatı
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması müasir tariximizin ən önəmli mərhələlərindən biridir. Həmin layihələr vətəndaşların rifahının daha da yaxşılaşmasına və bölgələrin sosial-iqtisadi inkişafının sürətlənməsinə xidmət edir. Bu kontekstdə Ağdamda aparılan genişmiqyaslı işlər Böyük Qayıdış Proqramının əyani təzahürü kimi dəyərləndirilir.
Ağdam rayonu 1930-cu ildə yaradılmış və ümumi sahəsi 1094 kvadrat kilometr təşkil etmişdir. Rayonda relyef əsasən düzənlik olsa da, qismən dağlıq hissələr də mövcuddur. Ağdam Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Bu strateji mövqe bölgəyə həm tarixi, həm müdafiə, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət verir.
Ermənistanın təcavüzü nəticəsində Ağdam uğrunda gedən döyüşlər 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə başa çatmışdır. Beləliklə, 882 kvadrat kilometr ərazi, rayon mərkəzi və 90 kənd erməni silahlı qüvvələrinin nəzarətinə keçmişdir. Təxminən 128 min insan öz evindən didərgin düşmüş, altı mindən çox şəxs şəhid olmuş, minlərlə sakin yaralanmışdır. Məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşaraq uzun illər çətin şəraitdə yaşamışlar.
1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq işğal siyasətini davam etdirmişdir. İşğal dövründə Ermənistan Cenevrə Konvensiyalarına zidd olaraq Ağdamda etnik təmizləmə aparmış, coğrafi adları dəyişdirmiş, mülki mülkiyyəti talan etmiş və tarixi-mədəni abidələri dağıtmışdır. Məscidlər, qəbiristanlıqlar, tarixi binalar və ictimai obyektlər tamamilə məhv edilmiş, bu isə Ermənistanın məqsədinin hərbi təcavüz və ərazi işğalı olduğunu nümayiş etdirmişdir.
Vətən müharibəsində qazanılmış Qələbədən sonra imzalanmış Üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmişdir. Bu tarixi hadisə nəticəsində bölgənin təhlükəsizliyi və gələcək inkişafı baxımından yeni imkanlar yarandı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü olaraq müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir. Bu plan çərçivəsində Ağdam Azərbaycanın dördüncü böyük şəhəri kimi müasir, yaşıl və rahat yaşayış məkanına çevriləcəkdir. Şəhərdə 5 məhəllə, geniş infrastruktur layihələri, yollar, yeni sosial obyektlər və ictimai məkanlar tikiləcəkdir. Hazırda ikinci məhəllədə 66 binanın tikintisi həyata keçirilir, digər məhəllələrdə də işlər davam etdirilir. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür.
Dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Park işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpası, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi və məşğulluğun artırılması məqsədilə fəaliyyət göstərir. Burada 28 rezident fəaliyyət göstərir, ümumi investisiyaların həcmi 260 milyon manatdan çoxdur və 938 nəfər daimi işlə təmin edilmişdir.
Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa edilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 10 may 2025-ci il tarixində istifadəyə verilib. Kompleks 8 hektarlıq ərazini əhatə edir və müasir standartlara uyğun gözləmə zalları, xidmət məkanları, restoranlar, mağazalar və 350 metrlik qapalı dəmir yolu platforması ilə seçilir.
Beləliklə, Ağdam şəhəri günü işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən sistemli bərpa və yenidənqurma proseslərinin parlaq göstəricisi olaraq şəhərin müasir, komfortlu və dinamik yaşayış məkanına çevrilməsini nümayiş etdirir. Bu əlamətdar tarix böyük qayıdışın rəmzi olmaqla yanaşı, bölgənin dayanıqlı inkişafına olan inamı daha da gücləndirir.