Ağdamda ağ ban saraylar ucalacaq!..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərini ictimaiyyət işğaldan sonrakı dövrdə quruculuq işlərinin daha da sürətlənəcəyi inamı ilə izləyir. Bu səfərlər Böyük Qayıdışın uzaqda olmadığının təsdiqidir.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri də bu əminliyi yaşatdı. Ölkə başçısının və vitse-prezidentin yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmaları, Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etmələri işğaldan əvvəlki Ağdamın yaxın vaxtlarda daha gözəl biçimdə özünə qaytarılacağına əminliyidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdamda Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına, iddianın davamı kimi elan etmədən başladığı ədalətsiz müharibəyə beynəlxalq təşkilatların münsibətlərinə də bir daha aydınlıq gətirib. Qeyd edib ki, BMT təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin həll edə bilmədiyi, həll etmək istəmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi...

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Ölkə başçısının forumda çıxışı işğaldan azad edilmiş ərazilərdə aparılan və aparılacaq quruculuq işləri haqqında informasiya-məlumat maraqla dinlənilib. “Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir” fikirləri çox da uzaqda olmayan zamanın sosial mənzərəsi oldu.

Ağdamın stadionu da yenidən qurulacaq, Ağdamda yenə muğam festivalı keçiriləcək, həmin festivala Seyidin, Cabbarın, Zülfünün, Qədirin, ... ruhu xeyir-dua verəcək. Son festifalda Qədir Rüstəmovun “Sona bülbüllər”i heyrətə dönmüşdü, bu dəfə tədbir heyrətlə izləniləcək...

Ağdam yenidən, Qorqud Dədənin dediyi kimi, Qarabağın ağ ban sarayı olacaq!...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı