“Ahıllığın xeyirxahlığı daha kövrək olur”

Dağlar insanın xarakterinin formalaşmasına təsir göstərə bilirmi? Tanıdığım (və sevdiyim!) insanlar düşür yadıma. Onları görəndə dağları, dağları görəndə onları xatırlamışam...

Dağlar ucalıq rəmzidi, qürur rəmzidi, duyanlar üçün həm də heyrət rəmzidi. Uşaqlığı, yeniyetməliyi, ilkin gəncliyi dağlarla ünsiyyətdə keçənlərlə kəlmələşəndə bir daha əmin olmuşam ki, düşüncələrində dağ amili olanların gəncliyi dağla, dağ ifadəsinin yozumu ilə taraz formalaşır. Dağları həm də buna görə sevmişəm: dağların duruşunda gördüyü qürur, əzəmət, mərdlik, əyilməzlik insanın könül dünyasının səyyarəsinə dönür...

Əsgülüm dağı Zəngilanın Keçikli kəndinin sıx meşələrinin, buz bulaqlarının, əsrarəngiz çəmənlərinin, biçənəklərinin keşikçisidi. Əsgülümdən əsən yellər Keçikli¬nin özünün də, Keçiklidə uşaqların da könül dünyasının sığalına dönüb. Xuduş Əmən oğlu İsgəndərov 1940-cı il mayın 2-də anadan olub. 6 yaşında atasızlıq ağrıları yaşayacağı illərin can köynəyinə dönüb. Qəlbindən keçənləri heç Əsgülüm də duya bilməzdi...

  Keçikli kənd məktəbinə getdi. 1954-cü ildə yeddiinci sinifi bitirdi (bu məktəb mənim də ömürlüyümün bir zərrəsi olub. İllər sonra – 1980-ci ildə bu məktəbdə 3 ay mən də müəllim işləmişəm. Əsgülümün mehrini onda duymuşam, onda dağların əzəmətinin dağlara mehirli olanların ruhuna necə sirayət etdiyini duya-duya mən də yaşamışam). Təhsilini Pircivan kənd orta məktəbində (indiki Zəngilan şəhər orta məktəbində) davam etdirib. Orta məktəbi 1957-ci ildə fərqlənmə ilə bitirib.

Müharibədən sonra ailələrin əksəriyyətinin təhsildən daha şox güzəran qayğıları vardı. Həm də illərlə çətinliklər yaşamış ailələr bu çətinlikləri daha tez aradan qaldırmaq istəyirdi. Zaman belə zaman idi. Xuduş İsgəndərov Kənd Təsərrüfatı Nazirliyinin nəzdində texniki peşə məktəbində taxıl məhsullarının analizi üzrə təhsilı aldı. Öz istəyiydimi, məsləhətmi görmüşdülər?  gerçəkliklərin ömürlərə süzülən işığında təhsil almışdı. Xuduş Əmən oğlu 1958-ci ildə Bakı şəhərində 2 nömrəli un dəyirmanında laborant kimi əmək fəaliyyətinə başladı. Həmin gün xəyalən atasının ruhuna “Böyüdüm, ata, işləyirəm, ata!...” deyib yəqin. Bir də Əzgülümə xəyalən söz ismarclayıb: “Yellərini illərimdən əsirgəmə...”...

1959-cu ilin aprelində Zəgilana qayıdıb. Mincivan qəsəbəsində pambıq qəbulu məntəqəsində labortoriyanın müdiri vəzifəsinə təyin olunub. Bacarıqlı kadr kimi, məsuliyyətli gənc kimi tanınıb, ona inanıblar, bu inama görə ona güvəniblər də...

Könül sirrini kimsəyə açmayan dünyadır. Könüllərdən nə keçdiyi deyilməsə bilinməz. Texniki peşə məktəbində təhsil alanda da, Bakıda işləyəndə də, Mincivanda laboratoriya müdiri olanda da Xuduşun ürəyində bir niyyət varmış: müəllim olmaq. Bu niyyət nə vaxt yaranıbmış?  kimsə bilmədi. 1960-ci ildə sənədlərini H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsinə verdi, qəbul olundu. Tələbə oldu Xuduş Əmən oğlu.

Xuduş oxuyurdu, həm də adilikdın üstün səviyyədə oxuyurdu. İllərin o üzündə qalmış arzularını yenidən yaşada-yaşada oxuyurdu. Həm də ictimai işlərdə fəallıq göstərirdiş: 1963-cü ildə İnstitut komsomol komitəsi katibinin müavini seçildi, 1964-cü ildə 4-cü kurs tələbəsi olanda partiya sıralarına qəbul edildi. Böyük etimad idi. Böyük inam idi...

1965-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Zəngilanlı dünyasının işığı çəkirmiş onu. Əsgülümə bir vəfa borcu vardı Xuduş Əmən oğlunun. Orta təhsil aldığı Zəngilan qəsəbə orta mək¬təbində biologiya müəllim təyin olundu.

Sevgi varsa, uğur var, sevgi varsa, sevilmə də var. Xuduş müəllim bilikli müəllim kimi tanındı. Tədris etdiyi fənni sevdirməyi bacardığına görə sevildi. Rayonun partiya rəhbərliyi belə bir müəllimin Rayon Partiya Komitəsində işləməsini zəruri hesab etmişdi. O illərdə kadrlarda bilik öz yerində, bacarıq öz yerində, siyasi dünyagörüş də zəruri amil idi, siyasi səbatlıq da. Xuduş müəllim belə tanınırmış. 1966-cı il sentyabrın 28-də Zəngilan Rayon Partiya Komitəsinin (RPK-nin) təbliğat və təşviqat şəbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib.

Xuduş müəllim RPK-də işlədiyi iki il ərzində dərin biliyi və yüksək təşkilatçılığı ilə rayon ziyalıları və zəhmətkeşlərinin hörmətini qazanıb. Pedaqoji təhsili, partiya işindəki bacarığı və təşəbbüskarlığı nəzərə alınaraq rayon maarif şöbəsində metodiki kabinetin müdiri vəzifəsində işləməsi tövsiyə edildi. 1968-ci ilin avqustandan 1971-ci ilın avqustunadək metodiki kabinetin müdiri oldu. Bu müddətdə tədris prosesinin keyfiyyətli təşkilini, plan və proqramların yerinə yetirilməsini, texniki və əyani vasitələrdən, metodik materiallardan istifadə olunmasının təmin edilməsini, məktəblərdə və digər təlim-tərbiyə müəssisələrində qabaqcıl təcrübənin öyrənilməsini, ümumiləşdirilməsini, pedaqoji kadrların fənn metodbirləşmələrinin işinin düzgün və yüksək səviyyədə təşkil edilməsinə nail olması üçün bütün bilik və bacarığını böyük səxavətlə sərf etdi...

Təhsil sahəsində topladığı təcrübə və əldə etdiyi təşkilatçılıq qabliyyəti yüksək qiymətləndirildi. 1971-ci ilin sentyabrında yenidən RPK-nin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə təyin edildi. Partiya işindəki uğurlu fəaliyyəti nəzərə alındı, 1973-cü ildə Bakı Ali Partiya məktəbinə göndərildi.

 Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirəndən sonra 1975-ci ildə Zəngilan RPK-də siyasi maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkildi. Eyni zamanda, ictimai əsaslarla RPK-nin partiya komissiyasının sədri vəzifəsini də yerinə yetirirdi. O, işlədiyi müddətdə özünü bacarıqlı, səmimi bir partiya işçisi kimi doğrultdu, rayon ictimaiyyətinin dərin hörmətini qazandı...

Xuduş müəllim 1988-ci ildə Zəngilan rayon avtonəqliyyat müəssisəsinin müdiri vəzifəsinə təyin ediləndə siyası-maarif kabinetirnin müdiri vəzifəsində onu əvəz etdim. Xuduş müəllim kitabxanada qeydiyyatda olmayan maqnitofon və seyfində saxladığı bir neçə saatı sənədsiz mənə təqdim etdi. Bildirdi ki, saatlar hədiyyə kimi əmək qabaqcıllarına təqdim edilmək üçündür. Saatlar və maqnitofon hədiyyə edildiyinə görə qeydiyyata alınmayıb, tələbat olanda qabaqcıllara təqdim edilmək üçün saxlanılıb. Mən bu vəzifədə işlədiyim müddətdə saatlar seyfimdə qalmışdı. Təhsil almağa gönldəriləndə Xuduş müəllimin mənə hədiyyə etdiyi həmin saatların qalanlarını və maqnitofonu mənim yerimə təyin edilən keçmiş komsomol dostum Sərməs Əhmədova təhvil verdim....

 Sonrakı iki ildə 144 №-li peşə məktəbində direktorun tərbiyə işləri üzrə müavini kimi əmək fəaliyyətini davam etdirib. 1992-ci ilin fevralından 2019-cu ilin fevralınadək Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru işləməklə yanaşı elmi işlə də məşğul olurdu. O, bir monoqrafiya və on elmi əsərin müəllifidir. “Azərbaycanın Arazboyu dağətəyi düzən rayonlarında payızlıq taxıl əkinlərinin alaqlarına qarşı kimyəvi mübarizə tədbirləri” barədə əldə etdiyi elmi təcrübə bu gün təsərrüfatlarda geniş tətdiq olunmaqdadır.

 Səmərəli əmək və elmi fəaliyyətinə görə 2010-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-cu ildən Zəngilan rayon Ağsaqqallar Şurasının sədri olan Xuduş İsgəndərov “Heydər Əliyevin anadan olmasının 100 illiyi ( 1923-2023)” yubiley medalı ilə təltif olunub.

Müharibə və əmək veteranı olan Xuduş İsgəndərov təqaüddə olsa da həmişə gənclik həvəsi ilə çalışaraq nəinki gənclərimizə, həm də bütün insanlara əsl örnəkdir.

Xuduş Əmən oğlunu tanıyanlar həmişə bu qürurla tanıyıb, bu saflıqla tanıyıb, bu sadəliklə tanıyıb. Xuduş müəllim hamıya xeyirxahlıq eləməklə yaşayıb illərini, indi də belə yaşayır. “Ahıllığın xeyirxahlığı daha kövrək olur, daha gərəkli olur...” Xuduş müəllim belə deyir...

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim