Tovuzda “Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” mövzusunda tədbir keçirilib.
Sabahinfo.az bildirir ki, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” layihəsinin icrası davam edir. Belə ki, layihənin icra planına əsasən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində 2 günlük tədbir keçirib. 2 günlük həyata keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Tofiq Əliyev, Tovuz rayonu üzrə Təhsil Sektorunun metodisti Şəhid Əsgərov Tələt Akif oğlunun qardaşı Surxay Əsgərov, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri və sözügedən layihənin rəhbəri Ayşən Fəxrəddin qızı, layihənin psixoloqu Aysel Həmidova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz Rayon şöbəsinin sədri Etibar Vəliyev, Tovuz Qadın Resurs Mərkəzinin rəhbəri Taliyə Məsimova, 44 günlük müharibədən əziyyət çəkən ailələrin üzvləri, şəhid ailələri, şəhid anaları, qazilər, rayon ziyalıları iştirak edib.
Layihə rəhbəri Ayşən Fəxrəddin qızı layihə haqqında məlumat verərək bildirib ki, layihənin icrasının əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə, xüsusilə də bu ailələrdən olan qadınlara psixoloji-sosial dəstək verməkdən ibarətdir.
Çıxışçılar müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanların hələ də psixoloji sarsıntının təsirini yaşadığın qeyd ediblər. Vurğulayıblar ki, psixoloji gərginlik onların sağlamlıq vəziyyətinə ciddi təsir göstərməklə bərabər sosial durumuna da öz mənfi təsirini etməkdə davam edir. Sonda tədbir iştirakçıları “Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” kimi layihələrin keçirilməsinin vaciblini qeyd ediblər və layihə rəhbərinə, həmçinin donor təşkilata təşəkkürlərini bildiriblər.
2 günlük Tovuz rayonunda həyata keçirilən tədbirlərdə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərin ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb.
“Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” layihəsi çərçivəsində silsilə tədbirlər bir sıra digər rayonlarda da həyata keçiriləcək.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.