Almaniyanın Ankaradakı səfiri XİN-ə çağırıldı

Türkiyənin "Sabah" qəzetinin Frankfurt bürosunun nümayəndələri Almaniya polisi tərəfindən saxlanılıb. 

Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı Almaniyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Sabah qəzetinin Frankfurt bürosu nümayəndələrinin alman polisi tərəfindən əsassız olaraq saxlanması Türkiyə mətbuatına qarşı təqib və hədə-qorxu aktıdır. Biz bu mənfur hərəkəti şiddətlə qınayırıq. Terror təşkilatı FETO-nun Almaniyadakı fəaliyyətləri ilə bağlı xəbər yaydıqları üçün saxta ittihamlarla hədəf alınan jurnalistlərin dərhal azadlığa buraxılmasını gözləyirik", -deyə XİN-dən bildirilib. 

Məlumatda qeyd olunub ki, hadisələrin prezident seçkilərindən sonra baş verməsi düşünülmüş addımdır: "Uğurlu prezident seçkilərinin birinci turu və 28-ci dönəm parlament seçkilərindən dərhal sonra Almaniya hakimiyyətinin mətbuat nümayəndələrini hətta ifadə verməyə dəvət etmədən birbaşa həbs etməsini düşünülmüş hərəkət hesab edirik.

Bütün dünyaya mətbuat və ifadə azadlığını öyrətmək məqsədi daşıyan Almaniyanın azad mətbuata qarşı hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur".