Ana dili hər bir xalqın milli-mənəvi sərvətidir

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasından 47 il ötür. Bu müddət ərzində ana dilimizə qayğı dəfələrlə müəyyən tarixi sənədlərdə öz əksini tapıb.

Azərbaycan Demokratik Respublikası ilhaq edildikdən sonra SSRİ yaradıldı, müttəfiq res­pub­li­kalarda da dövlət dili rus dili müəyyənləşdirildi. Bu, öz əksini Konstitusiyada da tapmışdı. Res­pub­­likalarda milli dilin fəallığı nəzərəçarpacaq dərəcədə sıxışdırılmağa başladı. Belə bir vaxt­da milli dilə həssaslıqla yanaşmaq, onun cəmiyyətdə işləkliyi qayğısına qalmaq böyük cəsarət tə­ləb edirdi. Bu haqda fikir səsləndirənlər ciddi təqib edilirdi. Bu sahə elm üzünə də qapanmışdı. Hə­min vaxtlarda Azərbaycan KP MK-nın birinci katibi böyük tarixi şəxsiyyət Heydər Əliyev idi. O, belə bir mühüm problemin həlli üçün cəsarətli bir təşəbbüs göstərdi: 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” mad­dəsi də əlavə edildi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycanımıza, xalqımıza misilsiz xidmətlə­rin­dən biri oldu. Böyük tarixi şəxsiyyət digər dövlət rəmzləri kimi ana dilini də olduqca müqəddəs bi­lir­di, ziyalıları, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi, deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir, bu hüquq hər bir vəətəndaşa öz ana dilində təhsil almaq imkanı yaradır.  

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 5-də keçirilən iclasında müza­ki­rələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirmişdir: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit edilmişdir.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf mərhələ­sin­də yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin tək­mil­ləşdirilməsi haqqında” Fərman imzaladı. Müstəqil Azərbaycan dövlətinin dil siyasə­ti­nin müəy­yən­ləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olan bu tarixi Fərman dövlət dilinə ehtiramın ifadəsi idi.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dili­nin dövlət dili kimi işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dilinə münasibətinin dövlət siyasəti səviyyəsində mühafizəkarıdır. Bu Qanun Azərbaycan Respub­li­kası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qeyd etmişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dili­miz­dir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi menta­li­tetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin dil siyasətini dövlətin siyasi kursunu tərkib hissələrindən birinə çevirib.

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı