Aparılan quruculuq işləri iqtisadi siyasətimizin əmin əllərdə olduğunu göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirlimiş bu ilin 6 ayının yekunlarına dair keçirilən müşavirədə gələcək inkişafımızın vektorların müəyyən edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Dövlət başçısı xarici siyasət sahəsində əldə edilmiş uğurların miqyasını konkret faktlarla əsaslandırdı.  Bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində özünü biruzə verdi. Prezidentin də qeyd etdiyi kimi, bizim sədrliyimiz 2023-cü ilə qədər uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və bizə olan inam bu illər ərzində daha da artmışdır.

Doğrudan da, Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlara nəzər yetirdikdə, iqtisadi müstəqilliyin siyasi müstəqilliyin təməl daşı olduğunu söyləyə bilərik. İqtisadiyyatın fundamentinin möhkəmliyi ölkənin dayanıqlı inkişafının rəhnidir.  Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, həmçinin bu gündən başlayaraq, Zəngilanın Ağalı kəndinə böyük qayıdışın reallaşması ölkəmizin maliyyə imkanlarının hansı səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Dünyada baş verən iqtisadi, siyasi və ərzaq böhranı fonunda Qarabağda aparılan quruculuq işləri iqtisadi siyasətimizin əmin əllərdə olduğunu söyləməyə imkan verir.

Azərbaycan türk dünyasının birliyi üçün ən fəal çalışan ölkələrdən biridir. Bu mənada dövlət başçısı İlham Əliyev Türk Şurasının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Azərbaycan Prezidentinin Özbəkistana səfəri, eləcə də Qırğızıstan Prezidentinin ölkəmizə səfəri türk dövlətlərinin inteqrasiyası baxımdan əhəmiyyətli oldu. Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən diqqəti, eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yönəltdi: “Amerika Birləşmiş Ştatlarının Prezidenti dövlət başçısı İlham Əliyevə istər Müstəqillik Günü, istərsə də Enerji Həftəsinin açılışı münasibətilə təbrik məktublarında bildirmişdir ki, hər iki ölkə münasibətləri müxtəlif istiqamətlər üzrə inkişaf etdirmək imkanlarına malikdir. Azərbaycanın cari ilin altı ayında dünyanın güc mərkəzləri, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinə diqqət yetirdikdə böyük uğurların əldə olunduğunu əminliklə qeyd edə bilərik. Azərbaycan -Avropa İttifaqı əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Nəzərə alaq ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz dəstəyini göstərməyə hazır olduğunu bildirir, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşması üçün səylərini artırır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilir. İmzalanmış sənədlər uğurla həyata keçirilir. Şübhə yoxdur ki, Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və layihənin nəzərdə tutulduğu vaxtda, 2018-ci ildə rəsmi açılışı, 2020-ci ilin sonunda tam şəkildə istifadəyə verilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatındakı əhəmiyyətinin göstəricisidir.

Müşavirədə diqqətçəkən məqamlardan biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində görülən işlər və dövlət başçısının revanşist qüvvələrə ünvanladığı mesajlarla bağlı oldu.

Dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Bu, müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırmasını təsdiqləyən xeyli sayda fakt sadalaya bilərik. Həmçinin son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Azərbaycan Prezidenti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində, həmçinin xalqa müraciətlərində statusun yerini açıq şəkildə bəyan edib. Ermənistanın bu məsələni yenidən gündəmə gətirməsi birmənalı qarşılana bilməz. Bu, işğalçı dövlətin özü üçün çox təhlükəli məsələdir. Dövlət başçısı bu təhlükəni belə əsaslandırır ki, biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O ərazilərin qaytarılmasını tələb etməyə Azərbaycanın daha çox haqqı çatır, nəinki Ermənistanın.

Prezident müşavirədə 30 ilə yaxındır ki, nəticəyə hesablanmış iş ortaya qoya bilməyən ATƏT-in Minsk qrupuna ehtiyacın olmadığını bir daha vurğuladı. Minsk qrupunun həmsədr dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət yetirmək lazımdır.  Bir-birinə etimadsızlıq göstərən ölkələr Azərbaycan-Ermənistan münasibətlərini yolunamı qoyacaq? Mins qrupundan tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsi ilə bağlı yeni şəraitə uyğun, konstruktiv təklif gözləmək sadəlövhlük olardı.

Müşavirədə səsləndirilən fikirlər həm də göstərdi ki, Azərbaycanın Qarabağla bağlı çox aydın, güclü, qətiyyətli mövqeyi var. Bu baxımdan, şübhə olmamalıdır ki, biz yaxın vaxtlarda sürpriz addımların şahidi olacağıq. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı