Aqil Abbas Sarvanlar kəndində seçicilərlə görüş keçirdi - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas)  Ağcabədi rayonun Sarvanlar kəndində seçicilərlə görüş keçirib.

Sabahinfo.az xəbər verir ki,görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Aqil Abbasın vəkili Ceyhun Rüstəmov seçiciləri salamladıqdan sonra əvvəlcə seçiciləri namizədin seçki platforması ilə tanış edib.

Daha sonra Aqil Abbas qeyd edib ki, parlament seçkiləri ilk dəfədir ki, ərazi bütövlüyü, suverenliyi təmin edilən Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var.

Aqil Abbas seçicilərinə bu dəfə də ona etimad göstəriləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. A.Abbas ali dövlət rəhbərliyinin vətəndaşlara qayğısından danışıb və bunun hər bir millət vəkili, məmur üçün örnək olduğunu deyib:

“Seçicinin qayğısı bizim qayğımızdır. Biz hər bir vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümumölkə inkişafına töhfə verə bilmərik. Biz dövlət-xalq birliyinin təntənəsini Vətən müharibəsində gördük. Bu birlik xalqımızın xarakterinin göstəricisidir".

Görüşün sonunda A.Abbas seçicilərlə fərdi qaydada görüşüb, onların suallarını cavablandırıb. Seçicilər bu dəfə də daha çox sosial problemlərini iş, yol, su, qaz, bağça, pensiya, məktəb və.s dilə gətirib, onların həllində namizədin yardımçı olmasını xahiş ediblər.

A. Abbas seçicilərin qaldırdığı bir sıra məsələlərin operativ həllini diqqətdə saxlayacağına söz verib. 

Deputatlığa namizəd seçicilərinə 01 sentyabr tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə etdi.