“1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edən Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan bu gün dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Artıq uzun müddətdir ki, ölkəmiz dünyanın nüfuzlu idman mərkəzlərindən birinə çevrilib. Dövlət başçısının özünün idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Biri-birinin ardınca istifadəyə verilən olimpiya idman kompleksləri regionlarda idmanın inkişafında mühüm rol oynayır. Bu gün Azərbaycanda idmana qayğı və sağlam həyat tərzinin təbliğ edilməsi dövlət siyasətinin prioritet istiqamətilərindən biridir.
Respublikamızda bütün digər sahələr kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə mütəmadi olaraq keçirilən müxtəlif beynəlxalq yarışlar bir daha göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Qürurverici haldır ki, bu gün Azərbaycan idmançıları dünyanın ən mötəbər idman arenalarında artıq qalib xalqın, qalib ölkənin təmsilçiləri kimi çıxış edirlər. Bu isə öz növbəsində, idmançılarımızı daha böyük nailiyyətlərin əldə olunmasına ruhlandırır.”
Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Daha sonra müsahibimiz XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri nəticələri yüksək qiymətləndirərək bu fikirləri səsləndirib: “Birmənalı olaraq deyə bilərik ki, idmançılarımızın son Olimpiya Oyunlarında əldə etdikləri nəticələr kifayət qədər yüksəkdir və qazanılan uğurlar bütün xalqımızın sevincinə səbəb olmuşdur. Təsadüfi deyil ki, bu fikir öz əksini cənab Prezident İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışında da öz əksini tapmışdır. Dövlətimizin başçısı bildirdi ki, idmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil ediblər və Azərbaycan Bayrağını ucaldıblar. Əldə olunan nəticələr bir daha göstərdi ki, Azərbaycan güclü idman dövlətidir. Respublikamızın bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alması, İslam Əməkdaşlıq Təşkilatında üzv olan 57 ölkə arasında isə üçüncü olması həqiqətən də tarixi nəticədir. Paris Olimpiya Oyunları bir mühüm fsktı da təsdiqlədi ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Bununla belə, Azərbaycan idmançıları bundan sonra daha böyük qələbələrə doğru getməlidirlər. Artıq qısa müddətdən sonra Avropa və dünya çempionatlarına hazırlıq işlərinə start veriləcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.