“İyunun 4-də Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi növbəti dəfə öz işinə başladı. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı oldu. Qeyd olunmalıdır ki, 1994-cü ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu tədbirdə müxtəlif ölkələri təmsil edən qlobal şirkətlərin sayı ildən-ilə artır. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini, onların parlament səviyyəsində ratifikasiya edildiyini və qanun şəklində imzalandığını diqqətə çatdırdı. Həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə də bu gün bütün dünya ölkəmizdə daha bir seqmentin, yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı sahəsinin sürətlə inkişaf etdiyini müşahidə edir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Öz fikirlərini davam etdirən deputat qeyd edib ki, bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın yaxın iki ilə hesablanmış planları barədə Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamalar xüsusilə böyük maraq doğurub: “Dövlətimizin başçısı çıxışında ölkəmizin 2027-ci ilin sonunda artıq 2 qiqavat bərpaolunan enerji istehsal edəcəyini anonslayaraq, bu gücün müəyyən bir hissəsinin də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə eiləcəyini vurğuladı. Qeyd olundu ki, 2020-ci ilin noyabrında həmin bölgələr azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları tikilərək istismara verilib. Üç-beş il ərzində bu rəqəmin artıq 500 meqavata çatdırılacağı gözlənilir ki, bu da 250 milyon kubmetr qaza qənaət deməkdir. Yəni, 1 qiqavat bərpaolunan enerji 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Beynəlxalq bazarların isə buna böyük ehtiyacı var və olacaq. Bu gün bütün dünyada, xüsusilə Avropa qitəsində enerji sahəsində təbii qaz mövzusu hələ ki, daha çox diqqət mərkəzindədir. Böyük ehtimalla bu vəziyyət hələ uzun müddət dəyişməyəcək. Bu baxımdan da öz potensialını və resurslarını düzgün paylaşdıran Azərbaycan bu gün nəhəng enerji infrastrukturu yaratmaqla həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Lakin gələcəyə baxan ölkəmiz artıq bərpaolunan enerji sahəsində qlobal çalışmalar aparır və bu seqmentdə də aparıcı ölkələrdən olmağa iddialıdır. Bakı Enerji Həftəsində bərpaolunan enerji ilə bağlı şirkətlərin çoxluq təşkil etməsi də ölkəmizin bu sahədə potensialının yüksək qiymətləndirildiyindən xəbər verir. Beləliklə, Azərbaycan bu gün bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və bu amil ölkəmizin beynəlxalq mövqelərini getdikcə daha da möhkəmləndirir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.