Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə regionda və bütövlükdə dünyada yeni reallıqlar yaratdı. Onların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi, bəzi dünya güclərinin fəaliyyətlərini bu istiqamətdə qurmaları günümüzün reallıqlarıdır. Bu baxımdan deyə bilərik ki, avqustun 31-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti – sayca dördüncü görüşü Cənubi Qafqazda daimi sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addımdır. Hər bir görüşü qarşıya qoyulan hədəfə doğru istiqamət almış bir addım kimi dəyərləndirməliyik. Regionda yeni reallıqların müəllifi olan Prezident İlham Əliyev postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir. Bu səbəbdən də, Brüssel görüşündə Azərbaycanın şərtləri gündəmdə olub. Belə ki, Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.
Brüssel görüşündə əldə olunan nəticələrdən danışan İ.Yusifov deyib: “Bir ay müddətində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Bu fakt sülh müqaviləsinin imzalanması istiqamətində atılan növbəti önəmli addımdır. Yeni sənəddə nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Bu format artıq ləğv olunub. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun Prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, bilirik ki, Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışırdı. Brüssel görüşündə bir daha məlum oldu ki, otuz il ərzində münaqişənin həlli istiqamətində bir addım belə atmaq barədə düşünməyən Minsk qrupu postmünaqişə dövrünün reallıqlarını dərk etmək imkanında deyil. Artıq əminliklə söyləmək olar ki, sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacaq”.
Deputatın sözlərinə görə, budəfəki görüşdə, həmçinin humanitar məsələlər, minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda, sərhədlərin delimitasiyasına dair bütün məsələlər də diqqət mərkəzində olub və delimitasiya komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi qərara alınıb. Kommunikasiyaların açılması da Brüssel görüşünün gündəliyində olub.
Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi və reallıqları qəbul etdiyini vurğulayan İ.Yusifov deyib: “Eyni zamanda, ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti qurum tərəfindən daim yüksək qiymətləndirilir. Aİ-nin qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz daim dəstəklənib, Azərbaycanın mövqeyi müdafiə olunub. Əminliklə deyə bilərik ki, Avropa İttifaqının və Prezidenti Şarl Mişelin səyləri uğurlu vasitəçilik formatıdır. Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib ki, uzunmüddətli, davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Hər iki ölkənin əhalisini sülhə hazırlamağının vacib olduğunu bildirən Aİ Şurasının Prezidenti Şarl Mişel deyib: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”. Son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Şarl Mişel əlavə edib ki, qurum hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”.