Avropa İttifaqı regiona münasibətini dəyişməyə məcburdur

"Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Xüsusən də qırx dörd günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraq doğurur". Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, bu problem hər iki tərəf üçün ciddi surətdə aktuallığını saxlayır:  "Belə ki, Avropa İttifaqı hələ də dünyanın böyük geosiyasi güclərindən biridir. Faktiki olaraq, Aİ hazırda böyük bir məkanda geosiyasi balans yaratmaq funksiyasını yerinə yetirir. Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə (həm "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində) münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. 1992-ci ildən başlayaraq Aİ müxtəlif proqramlar vasitəsilə region ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışır.
Digər tərəfdən, Azərbaycan son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçməsi, müstəqil siyasətini daha da təkmilləşdirməsi ilə İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi balansı yeniləmişdir. Dünyanın böyük geosiyasi gücləri regiondakı siyasətlərinə düzəlişlər etməli oldular, digər tərəfdən, Azərbaycanı bu regionun əsas geosiyasi faktoru kimi nəzərə almağa başladılar. Bu iki məqam Aİ-Azərbaycan münasibətlərinin məzmununa ciddi təsir etməkdədir".
Deputat qeyd edu  ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın Avropa İttifaqından hər hansı bir xüsusi gözləntisi yoxdur: "Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi Aİ-ni regiona münasibətini dəyişməyə məcbur etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə nüfuz etmək üçün daha fəal olmaq xəttini seçdi. Lakin bu zaman regionda artıq Rusiya və Türkiyənin aparıcı rol oynaması ilə barışmalı oldu. Hazırda Aİ Cənubi Qafqaz istiqamətində siyasətini vurğulanan şərtlər çərçivəsində daha səmərəli etmək istiqamətində çalışır. Həmçinin, Aİ strateji kommunikasiyaların işə salınmasında yaxından iştirak etməlidir. Bu baxımdan Aİ-nin Zəngəzur dəhlizinin reallaşmasına münasibəti Brüssel üçün mühüm bir sınaq təsiri bağışlayır.
    Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır".