Azad və çiçəklənən Qubadlı!

Dörd il bundan əvvəl sentyabrın 27- dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial- siyasi islahatlar apararaq, beynəlxalq hüquqi baza yaradaraq öz haqlı mübarizəsinə hazırlaşırdı. Ermənistanın işğalçılıq siyasətinin, etnik təmizləmə siyasətinin, bizim tarixi torpaqlarımızda törətdikləri humanitar, ekoloji cinayətlərin qarşısının alınmasının, eyni zamanda, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın bərpa edilməsinin bir yolu var idi. Hərbi-siyasi yol! Və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bütün dünyaya sübut etdi ki, separatizmi, erməni təcavüzkarlığını məhv etmək üçün bundan doğru üsul yoxdur. Azərbaycanı bu işğalı qəbul etməyə çağıran dövlətlər deyirdilər ki, reallığı qəbul edin! Ancaq Azərbaycan dövləti, Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir reallıq yaratdı!

      Bir - birinin ardınca gələn Qələbə xəbərləri bizi nə qədər sevindirirdisə, erməni terroru nəticəsində dinc əhalinin, o cümlədən qadın və uşaqların həlak olması, döyüşlərdə igid övladlarımızın şəhid olması xəbərləri bizi bir o qədər kədərləndirirdi. Lakin etnik və dini mənsubiyyətindən, yaşından, sosial statusundan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı böyük ruh yüksəkliyi ilə Qələbəyə öz töhfəsini vermək istəyirdi. Ermənistanda döyüşməyə əsgər tapılmırdı, fərarilərin sayı durmadan artırdı. Azərbaycanda isə hərbi səfərbərlik xidmətləri qarşısında döyüşə getmək üçün cavanlarımız növbəyə dururdular. Hamı bir nəfər kimi. Ölkə başçısının, Ali Baş Komadan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizə apardı. Hər gün xoş xəbərlər aldıqca sanki, yenidən ruhlanır və daha da həvəslənirdik.

     Azərbaycanın hər qarşı bizim üçün Vətəndir, doğmadır! Oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Əlbəttə, bu xəbər hər kəsi sevindirdi. Qubadlının işğaldan azad edilməsi təkcə bu həsrətlə yaşayanları deyil, həm də bu arzu ilə dünyadan köçən narahat ruhları da sevindirir. Torpaqlarımız düşmən tapdağından azad olunur, nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, Yeni arzular, yeni planlarla yaşayırıq! Bizə bu möhtəşəm hissləri yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir əsgərimizə, zabitimizə təşəkkür edirik! Şəhidlərimizin qarşısında baş əyirik!

Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar, və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə aparılmışdı. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri var. Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr, mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi- mədəni irsimiz erməni vandalizminin qurbanı olublar. Ümumiyyətlə, işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

44 günlük Vətən Müharibəsi zamanı 25 oktyabr tarixi əhəmiyyətli dönüş nöqtəsi oldu. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu tapşırığın öhdəsindən cəsurluq, igidlik, qəhrəmanlıq göstərərək gəldi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.

 Hazırda, Qubadlıda, bütövlükdə, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa tikinti işlər aparılır. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Artıq Qubadlı öz doğma sakinlərini qarşılamaq üçün hazırdır. Bir daha Tarixi Qələbəmiz və Qubadlı şəhər günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirəm. Onların valideynləri, ailələri qarşısında baş əyirəm. Qazilərimizə Allahdan tezliklə şəfa verməsini arzu edirəm! Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır! Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik! Bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni uğurlar imza atacağıq!

 

 Milli Məclisin komitə sədri,

professor Hicran Hüseynova