"Avropa Parlamentinin qondarma "erməni soyqırımı” haqqında qəbul etdiyi
qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi hüquqi baxımdan
da absurddur. Hamı bilir ki, avropalı deputatların bu qərarı qərəzli və
tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay
Quliyev deyib. A.Quliyev bildirib ki, Avropa Parlamentinin bəzi
üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu
qətnaməni qəbul etdiklərini deyirlər: "O zaman onlardan soruşmaq
lazımdır. 23 il əvvəl hamının gözü qarşısında baş vermiş və aydın, dəqiq
faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj
Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa
Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Və yaxud BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını
təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi
sanksiyalar qəbul ediləcək? Əgər Avropa Parlamenti az da olsa
ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda
dediyim qətnamələri qəbul edərək özünün qərəzli olmadığını sübut
etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi?
İnanmaq çox çətindir".