Azər Kərimli Milli Məclisdə Zaqatalanın problemlərinə toxundu

2026-cı il dövlət büdcəmiz, Azərbaycanın yeni iqtisadi reallıqlarına, post-münaqişə dövrünün çağırışlarına, COP-29-dan sonra formalaşan yaşıl inkişaf gündəminə və Prezident İlham Əliyevin müəyyən etdiyi 2030-cu il üçün strateji hədəflərə tam uyğun hazırlanıb. Bu büdcə, dayanıqlı inkişafın, iqtisadi və sosial rifahın möhkəmləndirilməsinə yönəlib. 
Özəl sektorun iqtisadiyyata qatqısının artması, iqtisadiyyatın şaxələndirilməsi üçün maliyyə imkanlarının davamlılığı, sənaye zonalarının genişlənməsi, logistika imkanlarının artması və orta müddətli dövrdə daxili quruculuq işlərinin davam etməsi ölkəmizin tranzit potensialını daha da möhkəmləndirəcək. Təhsil xərclərinin artması insan kapitalının güclənməsinə xidmət edir. Bu ilin sentyabr ayında dövlət başçılarının iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin rəsmi açılışı baş tutdu və bu kimi yeni layihələr ölkəmizin beynəlxalq akademik potensialını artırır. 
Azərbaycanın 2026-cı il büdcəsi bütünregionlarımızın inkişafına hesablanıb. İnfrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı və turizmin potensialının artırılması, bölgələr arasında balanslı inkişafın daha da möhkəmləndirilməsi bu büdcənin əsas prioritetlərindəndir.

Zaqatala və Balakən rayonlarında dövlət başçısının diqqəti nəticəsində yol, enerji, təhsil, kənd təsərrüfatı, turizm, səhiyyə sahəsi üzrə yüzlərlə layihə icra edilib ki, bu da həm iqtisadi, həm də sosial cəhətdən bölgəmizi daha da gücləndirib. Bu gün bizim əsas məqsədimiz həmin işlərin davamlılığını təmin etmək və regionun tam potensialını ortaya çıxarmaqdır.
Beləliklə, təmsil etdiyim regionun ən vacib problemlərindən birini diqqətə çatdırmaq istərdim. Son illərdə Tala və Katex, Muxax çaylarının dağ yamaclarında torpaq eroziyası artıb və bu da çay yataqlarının səviyyəsinin ətraf sahələrə nisbətən 2-3 metr yüksəlməsinə səbəb olub. Nəticədə, hətta az miqdarda sel suları daxil olsa, çay məcrasından çıxaraq əkin sahələrini basır və torpaq eroziyası gətirir. Həmçinin, bu çayların mənsəbinə yaxın meşəlik ərazilərdə sıx bitki örtüyünün artması, çayların məcrasının dəyişməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, "Yerin təki" haqqında Azərbaycan Resoublikasının qanununa əsasən, çay yataqlarında yerləşən qum və çınqıl qarışıqlarının çıxarılması üçün dövlətin xüsusi icazəsi lazımdır. Bu səbəblərdən dolayı vətəndaşların, icmaların və bələdiyyələrin inert materialların çay yataqlarından daşınması mümkün olmur və bu da çay səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Qanunda göstərilən müddəalar təmamilə doğrudur və mən bununla razıyam.

Bununla yanaşı mövcud problemləri nəzərə alaraq məsələnin həlli üçün müvafiq addımların atılmasını icmalara və bələdiyələrə bu problemi aradan qaldırmaq üçün lazımi şəraitin yaradılmasını xahiş edirəm.
Çay məcralarının möhkəmləndirilməsi, yeni müdafiə məntəqələrinin tikilməsi və çay yataqlarının inert materiallardan təmizlənməsi üçün 2026-cı il büdcəsindən ayrıca vəsait ayrılmasının çox vacib amildir. Bu, təkcə kənd təsərrüfatı üçün deyil, yüzlərlə ailənin təhlükəsizliyi üçün də əhəmiyyətlidir.  Bu vacib problemin həlli üçün qanunvericiliyin müvafiq maddələrini nəzərə alaraq addımların atılması zəruridir.

Hörmətli həmkarlar, bu büdcənin qəbulu həm Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə, həm də xalqımızın rifahının yüksəlməsinə xidmət edəcək. İkinci oxunuşda da bu büdcəni dəstəkləməyə bütün həmkarlarımı dəvət edirəm.

Azər Kərimli
Milli Məclisin deputatı