Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ başlanır

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızla bu təşkilat arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir. Bu beynəlxalq qurum respublikamızın əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında da bu məsələdən geniş bəhs edilib. Dövlətimizin başçısının nitqində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğu bildirilib. İyulun 18-də tərəflər arasında təsdiqlənən memorandumdan əvvəl-2006-cı ildə belə bir sənədin və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı xatırladılıb.

Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının, o cümlədən ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini vurğulayan ölkə rəhbəri diqqətə çatdırıb ki, respublikamız bu təşəbbüsün gerçəkləşməsinə əvvəlcə neft hasilatı ilə, daha sonra isə təbii qazın ixracı ilə başlayıb. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərinin inteqrasiya olunması və bununla Azərbaycan təbii qazının Avropa qitəsinə çatdırılması reallaşıb.

Artıq iki ildən az müddətdir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Hər iki tərəf artıq bu əməkdaşlığın müsbət faydasını görür. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər önəm daşıyır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq, təbii ki, böyük uğurdur.

Cənub Qaz Dəhlizinin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. İllər əvvəl bu layihənin reallaşması bəzilərinə qeyri-mümkün görünüb. Lakin İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını gerçəkləşdirib.


Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla ölkəmizi birləşdirən dəmir yolları olduğunu da xatırladıb. Ölkə rəhbəri bu geniş infrastrukturun enerji qədər mühüm önəm daşıdığını qeyd edərək, belə bir şəraitin Avropa İttifaqı ilə Azərbaycan arasında ticari tərəfdaşlığa müsbət təsir göstərdiyini bildirib.

Onu da qeyd edək ki, xanım Prezident Ursula Fon der Lyayen bəyanatında Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensial ilə diqqət çəkdiyini, xüsusilə də Xəzər dənizinin külək enerjisinə və “yaşıl” hidrogenə malik olduğunu bildirib. İmzalanan Anlaşma Memorandumu vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməlinin qoyulduğunu, Azərbaycanın yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəyini də vurğulayıb.

Vilayət İSMAYILOV,
iqtisad elmləri doktoru, professor