Azərbaycan beynəlxalq münasibətlər sistemində böyük etimad qazanıb - ŞƏRH

Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və paralel gedən proseslər fonunda beynəlxalq münasibətlər sistemində yeni çağırışlar meydana çıxır. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu həyata keçirilən müstəqil siyasətin səmərəliliyindən birbaşa asılıdır. Səmərəli və praqmatik müstəqil siyasət milli maraqları təmin etməklə yanaşı, ölkələr üçün yeni perspektivlərin yaranmasını da şərtləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat qeyd edib ki, son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə mürəkkəb və çoxqütblü bir mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyır. Bu cür şəraitdə müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini ardıcıl şəkildə möhkəmləndirirlər.

Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın formalaşdırdığı siyasi mənzərə unikal nümunə kimi çıxış edir. Hazırda regional güc mərkəzi olan Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və qlobal miqyasda böyük etimad qazanıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik yanaşmaya və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycana beynəlxalq müstəvidə mühüm uğurlar qazandırıb. Mürəkkəb beynəlxalq münasibətlər fonunda Rusiya, ABŞ və Çin kimi qlobal və regional aktorlarla münasibətlərdə balansın qorunması ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Bu balanslaşdırılmış siyasət Azərbaycanı etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi təqdim edir”,- deyə S.Vəliyev vurğulayıb.

Deputat xatırladıb ki, ötən dövrdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, Qoşulmama Hərəkatına bir neçə il uğurla sədrlik edib və digər beynəlxalq platformalarda fəallığı ilə seçilib. Son günlərdə isə Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvlərindən biri olmaqla mühüm tarixi hadisəyə imza atıb. Şübhəsiz ki, bu faktların sayını artırmaq mümkündür. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasəti nəticəsində qlobal güclər tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur.

O əlavə edib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində də etibarlı tərəfdaş mövqeyini möhkəmləndirib və bu, geosiyasi qeyri-sabitlik dövründə xüsusi əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin həyata keçirilməsi Avropanın enerji təchizatının şaxələndirilməsinə, eyni zamanda, bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın güclənməsinə mühüm töhfə verib. Azərbaycanın strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti ölkəmizi qlobal əməkdaşlıqda əsas tərəfdaşlardan birinə çevirib. Ümumilikdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu müvafiq ölkələrlə əməkdaşlığın daha da dərinləşməsinə təkan verir.