Azərbaycan beynəlxalq və irimiqyaslı tədbirlərin uğurlu təşkilatçısıdır

Son zamanlar Azərbaycan beynəlxalq tədbirlərin təşkili mərkəzi kimi tanınır. Ölkə konqres və sərgi tədbirlərində fəal iştirak edir və inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana tapşırılması ölkəmizin dünyada beynəlxalq və irimiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunun bariz nümunəsidir. Belə bir irimiqyaslı tədbir ərəfəsində enerji sektorunun nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayır. Bakı Enerji Həftəsi bütün dünyanın diqqətini Azərbaycana yönəldir və  30-dan çox ölkədən 300-ə qədər şirkətin bu tədbirdə iştirakı fikrimizi bir daha təsdiqləyir. 

Bu il Bakı Enerji Həftəsi bir neçə mühüm hadisə ilə əlamətdardır. Belə ki, tədbir ölkənin neft tarixində yeni dövrün başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edir. Məhz dahi Heydər Əliyevin müəllifi olduğu bu müqavilənin imzalanması ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Bundan əlavə, bu il həm də müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təşəbbüsü ilə keçirilən “Caspian Oil & Gas” Beynəlxalq Sərgi və Konfransının yaradılmasının 30 illiyi tamam olur. Builki Bakı Enerji Həftəsi daha bir mühüm hadisə - 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilməsi ilə üst-üstə düşür. Və nəhayət bu tədbir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam etdiyi bir dövrdə keçirilir.

30 il əvvəl Bakı Enerji Həftəsi zahirən  sadə  görünən “Xəzər Neft və Qaz” adı altında bir sərgi kimi başladı. Lakin bunun “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində baş verməsi müstəqil Azərbaycanın gələcəyə hesablanmış çox iddialı enerji strategiyasından xəbər verirdi. Bu, indi bütün dünyada enerji sektorunun peşəkarları üçün əsas hadisəyə çevrilir. Bununla yanaşı, Bakı Enerji Həftəsinin işgüzar proqramında əsas yeri iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyin möhkəmləndirilməsi mövzusu tuturdu.

Azərbaycan, müstəqillik əldə etdikdən sonra çətin mərhələlərdən keçmişdir. Ermənistanın torpaqlarının işğalı, məcburi köçkünlərin sayının artması və daxili münaqişələr ölkəni ciddi sınağa çəkmişdir. Həmçinin, Azərbaycan enerji böhranı ilə üzləşmişdir. Elektrik və təbii qaz qıtlığı, inflyasiya və sənayenin durğunluğu kimi problemlərlə mübarizə etmək üçün ciddi səylər göstərilməli olmuşdur. Açılış mərasimindəki nitqində müstəqilliyimizin təşəkkül tapdığı dövrə qısa ekskursiya edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, 1993-cü il Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ölkəmiz üçün dönüş ili olmuşdur. Ümummilli Liderin  öndərliyi altında imzalanan əsas müqavilələr, Azərbaycanın enerji sektorunda dönüş nöqtəsi idi. “Əsrin müqaviləsi” və digər strateji sazişlər, ölkənin enerji potensialını artırmaq üçün əsaslı addımlar olmuşdur.

Keçən bu müddət ərzində, istər o çətin və mürəkkəb dövrdə, istərsə də sonrakı illərdə Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqlədi. Bunun nəticəsidir ki, təkcə enerji sektoruna deyil, həm də iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar qoyuldu.  Bu gün Azərbaycan və onun beynəlxalq tərəfdaşları mədən yanacaqlarından bərpa olunan enerji mənbələrinə keçir. Qaza gəlincə, dövlət başçısıİlham Əliyevin  qeyd etdiyi kimi, “Şahdəniz”in işlənilməsi Azərbaycanda qaz qıtlığına son qoydu, çünki biz əvvəllər təbii qazı idxal edirik və bu il ixracımız daha çox olacaq çox güman ki, 24 milyard kubmetri keçəcək. Bu gün Azərbaycan qazını səkkiz ölkə alır. Azərbaycan bir çox ölkələrin qaz təchizatında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”. Təsadüfi deyil ki, bir neçə ay əvvəl Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının növbəti iclasında Azərbaycan qazını alan səkkiz ölkədən altısı avropalı olduğundan, Avropa Komissiyası Azərbaycanı “Ümumavropa qaz təchizatçısı” adlandırmışdı. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam yerinə yetirildiyi üçün bizə olan inam sarsılmazdır. Azərbaycanın enerji sahəsindəki inkişaf planları, günəş və külək enerjisi kimi alternativ enerji mənbələrinin istismarı, hidroelektrik stansiyaların inşası və mövcud enerji infrastrukturunun gücləndirilməsi ilə bağlıdır. Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizədə proaktiv bir rol oynayır və beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq edərək mühafizə tədbirlərini həyata keçirməklə məsuliyyət nümayiş etdirir. Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlər, ölkəni güclü və etibarlı bir tərəfdaş kimi mövcudluğunu sübut edir. Bu, ölkənin enerji təhlükəsizliyini dəstəkləyən strateji tərəfdaşlarla mübahisəsiz əlaqələrinin bir nəticəsidir.

Dövlətimizin başçısı çıxışında yerli enerji sənayesinin inkişafının təsirini vurğuladı və qlobal enerjinin perspektivlərini açıqladı. Qarabağ və Şərqi Zəngəzur rayonlarında tikilməkdə olan su elektrik stansiyalarının gücünü nəzərə alsaq, 2027-ci ilin sonuna kimi bərpa olunan enerji resurslarının 2 GVt-a çatdırılması hədəfimiz olduqca realdır. Və bu yalnız başlanğıcdır. Eyni zamanda, iqlim dəyişikliyi hər bir ölkə üçün problemdir. “Hazırda biz inkişaf etməkdə olan kiçik ada dövlətləri (SİDS) ilə fəal işləyirik və onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq, çünki Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, SİDS ölkələri üçün bu, onların mövcudluğu üçün təhlükədir”  ölkə başçısı  beynəlxalq ictimaiyyətin hissələri arasında körpü qurma planlarını paylaşdığını söylədi. Axı, bütün bəşəriyyət üçün əsas odur ki, qüvvələri, səyləri birləşdirib bütün iddialardan imtina edək, gündəmə diqqət yetirək ki, nəinki  özümüz, həm də övladlarımızın, nəvələrimizin bu planetdə təhlükəsiz yaşaya bilsinlər.  Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sektorunda yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verir. Azərbaycan, enerji sahəsindəki inkişafı ilə regional və beynəlxalq arenada mövqeyini möhkəmləndirməkdə davam edir. Bu, ölkənin enerji potensialını artırmaq, sürətlənən inkişafını təmin etmək və dünya enerji bazarında daha aktiv bir rol oynamaq üçün sürətlənən bir iradəni əks etdirir.

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova