Azərbaycan bu prosesdə liderliyi öz üzərinə götürəcək

ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha Cənubi Qafqazda təhlükəsizlik, inkişaf və iqtisadi əməkdaşlıq üçün yeni eranın əsasının qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın bütün qonşularla yaxşı münasibətləri var. Eyni zamanda Azərbaycan Qafqazda yeni eranı – sülh və əməkdaşlıq dövrünü fəal şəkildə təşviq edir.

Ermənistan da artıq Azərbaycanın təşəbbüslərini, o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul edib.

Həmin prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək. Çünki Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş ideoloji təməlləri sarsılıb və hazırkı dövrün reallıqlarını nəzərə alan yeni hədəf müəyyən etməsi zəruridir.

Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz, qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regionun həyatına inteqrasiya etməsi üçün əməkdaşlığı, konstruktivliyi, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə müsbət çıxış yoludur.

Əgər Ermənistan da sülh və rifah arzulayacaqsa, həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar və problemlər öz həllini tapacaq. Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesi gedəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaq. Azərbaycan regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi Azərbaycan bu prosesdə liderliyi öz üzərinə götürəcək.

Beləliklə, bir çox məsələ Ermənistandakı gündəmdən, orada nə baş verəcəyindən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq. Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.

Dünyanın aparıcı beyin mərkəzləri, akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən forum bir daha Şuşanın bölgənin həm də diplomatik paytaxtına çevrildiyini göstərdi. Ölkəmiz artıq bir ildən çoxdur ki, bütün var-gücü ilə düşməndən təmizlənən torpaqlarda geniş bərpa-tikinti layihələri reallaşdırır. Qarabağ və Şərqi Zəngəzur daxili imkanlarımız hesabına sürətlə yenidən qurulur. Konfrans zamanı Prezident İlham Əliyev Ermənistanla sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansısa rəsmi xəritəsindən istifadə etmək barədə Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putinlə onun arasında razılaşma olub-olmadığına aydınlıq gətirib.

Ölkə başçısı bildirdi ki, bizim mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi.

1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə – 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi. Lakin ermənilər hiyləgərlik edərək ərazini 42 kilometrə qədər genişləndirdilər və bu gün İranla sərhəd məhz oradan keçir.

Beləliklə, bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər.

Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq.

Ümumilikdə 29 aprel konfransı Prezident İlham Əliyevin dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi olmasını bir daha sübut etdi.

Cəbi QULİYEV

Milli Məclisin deputatı,

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru