Azərbaycan bu gün uğurla reallaşdırdığı beynəlxalq təşəbbüslər, yerinə yetirdiyi tarixi əhəmiyyətli layihələr, dünyada sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrlə qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur. Ölkəmizin energetika, o cümlədən elektrik enerjisi potensialı, ondan istifadənin effektivlik səviyyəsinin artırılması, o cümlədən aparılan iqtisadi islahatların dinamikliyinin və həyat səviyyəsinin yaxşılaşdırılması baxımından elektroenergetika sektorunun inkişafı ötən dövrlərdə olduğu kimi, bu gün də dövlətimizin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır.
Ölkəmizin elektrik enerjisi ilə təminatı problemi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə elektrik xətti çəkilmişdir. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Sonralar həmin günləri xatırlayan müdrik rəhbər qeyd etmişdir: "Biz o illər bütün bu imkanlardan istifadə edərək eyni zamanda düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq".
Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə etməklə bərabər, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfindən Türkiyə enerji sistemləri ilə sıx əlaqəni təmin etmişdir. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.
Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.
Ölkəmizin elektroenergetika sisteminin davamlı inkişafını təmin etmək məqsədilə Dövlət başçısı cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş bir sıra vacib Dövlət proqramları, Strateji Yol Xəritəsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, eləcə də yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur.
Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. 1280 meqavat gücündə olan bu stansiya nəyinki ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Onuda qeyd edək ki, Mingəçevir şəhərində inşa olunacaq yeni elektrik stansiyası ölkəmizdə “Azərenerji” ASC tərəfindən qoyuluş gücünə görə son 30 ildə icra olunan ən böyük layihədir və orta hesabla elektroenergetika sisteminin ümumi gücünün 16 faizini təşkil edir. Hazırda stansiyada fəaliyyət göstərən aqreqatların ifrat yüksək təzyiq parametrindən kritik təzyiqə qədər aşağı salınması istismar olunan 7 və 8 saylı enerji bloklarının istismar müddətinin uzadılmasına imkan verəcəkdir. Eyni zamanda, “Azərbaycan” İstilik Elektrik Stansiyasının yeni konfiqurasiyada fəaliyyəti elektroenergetika sisteminin çevikliyinin və dayanıqlıq göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Xüsusilə bərpaolunan enerji mənbələrinin intensiv tətbiqi nəticəsində enerji sisteminin inersiya sabitinin azalmasının qarşısının alınması istiqamətində mühüm töhfə verəcəkdir.
Göründüyü kimi ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışan, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, xalqımızın rifahının daha da yüksəldilməsinə və qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaq.
Rəşad Sadıqov
siyasi elmlər üzrə fəlsəfə doktoru, ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri