"Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinin tədbirinə qatılması, o deməkdir ki, Azərbaycan bütün formatlarda, ən müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlığa açıqdır". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Avrasiya İqtisadi Birliyinə daxil olan, (Ermənistan istisna olmaqla), ölkələrin hər biri ilə, Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş siyasi, iqtisadi, mədəni, müttəfiqlik əlaqələri mövcuddur: "44 günlük müharibədə və ondan sonra Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyi vasitəsilə ölkəmizə yönəlik addımlarının iflasa uğramasının səbəbi, cənab Prezidentin həmin dövlətlərin başçıları ilə şəxsi dostluq münasibətlərinin olmasıdır".
Nəsib Məhəməliyevin sözlərinə görə, Rusiya bazarı, ənənəvi olaraq, uzun illərdi ki, kənd təsərrüfatı mallarımızın ixracatında birinci yeri tutur: "Qazaxıstan, Özbəkistan, Belorus, Qırğızıstan, Tacikistanla da iqtisadi-ticari əlaqələrimiz günbəgün artmaqdadır. Azərbaycanın Avrasiya İqtisadi Birliyində təmsil olunmasını şərtləndirən əsas səbəblər, yerləşdiyimiz coğrafiya, tarixi keçmişimiz, dövlətlərimizin və xalqlarımızın maraqlarıdır".
Millət vəkilinin sözlərinə görə, nə qədər ki, Qarabağ işğaldan azad olunmamışdı, bizim həmin təşkilatda olmağımız məqsədəuyğun deyildi: "Fikrimcə, müşahidəçi qismində iştirak etməklə, gələcəkdə bir çox siyasi-iqtisadi dividentlər əldə edə bilərik. Nəzərə almaq lazımdır ki, Azərbaycan həm xarici siyasətdə, həm də iqtisadi əməkdaşlıqda çox vektorlu, şaxələndirilmiş siyasətə üstünlük verir. Məhz, bu prinsiplər, müstəqil, heç kimdən asılı olmayan siyasət aparmağımıza imkan yaradır. Ümumiyyətlə, düşünürəm ki, ölkəmizin maraqlarına cavab verən bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıqda fayda var".