Azərbaycan dialoq məkanıdır

Anar Məmmədov

Milli Məclisin deputatı

Müasir dövrdə dünya xalqlarının yaxınlaşması, qlobal təhlükələrin qarşısının alınması üçün qüvvələrin birləşdirilməsi və vahid anlamın formalaşdırılması bəşəriyyətin qarşısında duran vacib problemlərdən biri kimi gündəmdədir. Bu gün bəşəriyyətdə cəmiyyətlər, dövlətlər, sivilizasiyalar, fərqli dini areallar arasında ünsiyyətin tənzimlənməsi, onlar arasında vahid münasibətlər sisteminin formalaşması vacibdir, bunun açarı isə mədəniyyətdir. Mədəniyyət vasitəsilə körpülər qurmaq, yeni-yeni əlaqələr formalaşdırmaq, sülhü, humanizmi, multikultralizmi yaymaq və ayaqda saxlamaq olar.

Baş verən proseslər sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələlərini olduqca aktuallaşdırıb. Bəşər övladının indiyə qədər qət etdiyi yol sübuta yetirir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevirib, eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşdırılıb.

2011-ci ildə ilk dəfə keçirilən, sonra isə ənənəvi xarakter alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin qovuşuğudur. "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu hər zaman önə çəkən ölkə başçısı regional əməkdaşlıq məsələlərində Azərbaycanın müsbət təcrübəsinin digər ölkələr üçün də maraqlı ola biləcəyini vurğulayaraq forumun əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb, Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qruplar və dinlərin təmsilçiləri bir ailə kimi yaşayıb, onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olublar. Həqiqətən də bu, bizim ən böyük sərvətlərimizdəndir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olduğuna diqqət çəkərək bildirdi ki, həmin ölkələrin səsi dinlənilməlidir və onlar yaddan çıxarılmamalıdır. Həmçinin yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına əsla imkan verilməməlidir. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Forumda Prezident İlham Əliyev bəyan etdi ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.

Beləliklə, Azərbaycan Prezidenti bir sıra məsələlərin həllinə dair öz mövqeyini ortaya qoydu. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın həyatında əlamətdar bir hadisə kimi yadda qaldı. Dünyanın bir tərəfində müharibələr, qanlı toqquşmalar, vətəndaş qarşıdurmaları, terror əməliyyatları, işğallar getdiyi bir zamanda, Azərbaycan humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir. Ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın növbəti dəfə məhz Azərbaycan Respublikasının paytaxtından səsləndirilməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir.