Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müəyyən sınaqlarla üz-üzə qalıb. Azərbaycan dili belə bir çətin dövrlə ölkəmiz Sovetlər birliyinin tərkibində olduğu zaman, xüsusilə də 70-ci illərin ortalarında üzləşmişdi. Belə ki, SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gətirilir, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir dövrdə milli dil məsələsini gündəmə gətirmək və ana dilinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. İttifaq tərkibində olan respublika rəhbərləri milli dil məsələsini gündəmə gətirməkdən çəkinirdililər. Lakin həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ana dili məsələsinsə öz cəsarətli mövqeyini bildirmiş və bu istiqamətdə tarixi bir addım ataraq 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olmuşdur. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin dönməz mübarizəsinin nəticəsidir. Bu işdə dahi şəxsiyyət bütün qüvvələri səfərbər edərək Azərbaycan ziyalılarını, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdi.
Müstəqillik dövründə də Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verdi.
Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir.
Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusilə qeyd etmək olar. Məlum Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasından ibarətdir. Müasir dövrün tələblərini nəzərə alaraq ölkə başçısı 17 iyul 2018-ci il tarixdə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” da Sərəncam imzalamışdır. Bu Sərəncam isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Məhz Prezident cənab İlham Əliyevin Azərbaycan dilininin qorunub saxlanması və inkişafını təmin etmək üçün imzaladığı Fərman və Sərəncamlar xalqımızın tərəqqisinə xidmət edir. Eyni zamanda, bütün bunlar Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqliyindən xəbər verir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri