Azərbaycan diplomatiyasının qələbə ili

Heç kimə sirr deyil ki, Azərbaycan dövləti və xalqı 2021-ci ilə qalib kimi daxil oldu. Qarabağ azad edilmiş, ölkədə islahatlar davam edir, bir yandan da bütün dünyanı ağuşuna almış pandemiyaya qarşı mübarizə uğurla davam edirdi.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ilboyu qlobal pandemiyaya qarşı tədbirlər həyata keçirildi. Azərbaycan dövləti bütün gücünü ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına yönəltdi. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Ümumilikdə, dövlətimiz tərəfindən virusun yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi, vətəndaşların ayrı-ayrı təbəqələrinə sosial qayğı, dövlətin ən az zərərlə bu çətin mərhələni başa vurması, insanların maarifləndirilməsi və s. kimi strateji hədəflər istiqamətində mühüm addımların atılmasının şahidi olduq.

Bu dövrdə ölkəmiz təkcə daxildə deyil, bütün dünyada COVID-19-la mübarizəyə öz töhfəsini verdi. Təsadüfi deyil ki, COVID-19 başlar-başlamaz ölkəmizin pandemiyaya qarşı gördüyü tədbirlər, ayrı-ayrı ölkələrə humanitar yardımlarımız, BMT, ÜST və ayrı-ayrı dövlətlər tərəfindən yüksək qiymətləndirildi və örnək olunası siyasət kimi təqdim edildi.

Covid-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, həyata keçirilən kompleks tədbirlər o cümlədən, sahibkarlığın inkişafının dəstəklənməsi, peyvəndləmə prosesinin sürətli davamı iqtisadi aktivliyin bərpa olunmasında müsbət rol oynamışdır. Nəticədə 2020-ci illə müqayisədə 2021-ci ilin müvafiq dövründə ÜDM real ifadədə 4.8% artaraq cari qiymətlərlə 62.9 mlrd. manat təşkil etmişdir. Adambaşına düşən real ÜDM 4.3% artaraq 6279.0 AZN və ya 3693.5 ABŞ dolları (əvvəlki ilin eyni dövründə 3087.8 ABŞ dolları) olmuşdur. ÜDM-in istehsal strukturunda əsas pay 52,2 % ilə malların istehsalına aid olmuşdur.

Qeyri-neft iqtisadiyyatı sürətlə bərpa olunmuş, o cümlədən, qeyri-neft sənayesində 19.7%, nəqliyyat və anbar təsərrüfatında 11.9%, kənd, meşə və balıqçılıq təsərrüfatları 5.1%, informasiya və rabitə 5.7%, ticarət 4.0% və digər xidmətlər üzrə 4.6% artım qeydə alınmışdır.

2021-ci ilin yanvar-sentyabr ayları üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 36.558,3 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 4,5% artmışdır.

Bir qədər əvvəl isə ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlandı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdMinimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.

Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək.

Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.

Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub

Prezident İlham Əliyevin imzaladığı yeni iki Sərəncam ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür.

Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.

Həmçinin 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.

2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

İl Azərbaycan diplomatiyasının qələbələri ilə başa çatdı

Dekabrın 15-i Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Konstruktiv keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlidilər.

Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlindi.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yaydı. Bəyanatda Azərbaycanın haqlı mövqeyi tam dəstəkləndi. Bundan əvvəl isə eyni uğur Soçi danışıqlarında da baş verdi.

2021-ci ildən danışarkən, İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü unutmaq olmaz.

İstanbulda Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanmışdı. Azərbaycan, iki il ərzində Türk Şurasına uğurla sədrlik edib. Sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, Türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında fəaliyyətə başlayan regional təşkilatın ilk təməlləri Azərbaycan Respublikasının Naxçıvan ərazisindən başlayıb. Naxçıvanda başlayan yol, bu gün bütün Türk dövlətlərini öz ətrafında birləşdirmiş, eyni zamanda Naxçıvan sammitində Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev öz proqram xarakterli çıxışında bir sıra önəmli məsələlərə toxunub. Azərbaycanın Zəngəzurdan ayrılmasının bütün Türk dünyasına mənfi fəsadlar gətirdiyi haqqında fikirlər bildirilmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, Türk Şurasına Azərbaycanın iki illik sədrliyi dönəmində bir sıra mühüm məsələlər öz həllini tapıb.

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı da bu qəbildəndir.

İl isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin məlum sərəncamıyla başladı. 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ilin “Nizami ili” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. Nəinki Azərbaycanda dünyanın bir çox ölkələrində Nizami günləri və tədbirləri keçirildi. Bu mənada Şuşada keçirilən Vaqif poeziya günlərini də mədəniyyət sahəsinin önəmli tədbirləri siyahısına yazmaq olar.

Və ən əsası Qarabağda geniş tikinti quruculuq işlərinə başlandı. Qısa zamanda Füzuli Beynəlxalq aeroportu istifadəyə verildi. Zəngilan aeroportunun təməli qoyuldu. Və BÖYÜK QAYIDIŞA start verildi. 2022-ci ildə dünya daha bir Azərbaycan möcüzəsinə şahidlik edəcək. Buna heç kimin şübhəsi olmasın.
Aynur Musayeva