Azərbaycan dünyəvi, bəşəri dövlətdir

Dövlətlərarası münasibətlər müxtəlif üsul və vasitələrlə tənzimlənir, qarşılıqlı şəkildə in­ki­şaf etdirilir. İdman yarışları da belə üsul və vasitələrdəndir. Olimpiya oyuları, Avropa Oyun­ları, universiadalar, islamiadalar və s. bu qəbildəndir.

Yarış rəqabət deyil, idman yarışları gücün gücdən üstünlüyünü təsdiqləyir. Yarışda işti­rak həm də idmançının təmsil etdiyi dövləti tanıtma deməkdir. Bu səbəbdən yarışlarda iştiraka meyl artmaqdadır.

Son illərdə sabiq SSRİ məkanında, eləcə də dünya miqyasında Ordu Oyunlarının keçiril­mə­si ənənəyə çevrilib. Bu il belə Oyunlar səkkizinci dəfə keçirilir və Azərbaycanın hərbçi-idmançıları bu Oyunlarda uğurla təmsil olunurlar.

VIII Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz kuboku” Bakıda keçirilir. “Dəniz kuboku” üzrə yarışda iştirakçı dövlətlərin – Rusiyanın, Qazaxıstanın, İranın və Azərbaycanın komandaları yarışdılar. Təbii ki, gəmiçilik üzrə, gəmiçiliklə bağlı tapşıırıqların yerinə yetiri­lməsi üzrə.

Xəzəryanı dövlətlərin hərbi dənizçiləri bu yarışlarda müxtəlif nominasiyalar üzrə yarış­dılar. Yarış müddətində qonaqlar Bakımızla tanış oldular. Ötən il ekskluziv müsahibələrin bi­rin­də xarici ölkə vətəndaşının dediyi fikri xatırlayıram: “Bakını sevməmək günahdır...”. Qo­naq­lar Bakınıindi də  gəzdilər, sevdilər, turistlər də, iştirakçı dövlətlərin komandalarının üzvləri də Bakıdan indi də xoş təəssüratlarla ayrılacaqlar.  

“Dəniz kuboku - 2022”nin bağlanış tədbiri də olduqca duyğusal keçdi. Tədbir başla­yan­dan sonacan geniş ekranlı monitorda Azərbaycanımızın təbii mənzərələrini – gözəlliklərini əks etdirən kadrlar tədbir iştirakçılarının düşüncələrinə bir gerçəkliyi hopdurdu: Azərbaycan gö­zəl­liklər diyarıdır.

Ötən illərdə keçirilmiş bu yarışlardan göstərilən kadrların nostalji xarakteri yarışın işti­rak­çılarını təbii ki, duyğulandıracaqdı. Həm də ona görə ki,

Aylar keçir, illər keçir axın olur,

Yadlar gəlir, doğmalaşır, yaxın olur...

poetik fəlsəfəsi ilə duyğulandıracaqdı.

Ötən il yarışda iştirak edənlərin əksəriyyəti bu il də iştirak edir və onlar Bakıya çatanda sövq-təbii, ilk olaraq dostlaşdığı azərbaycanlı dostlarını arayıblar, qoşa qollar kürəklərdə çar­pazlaşıb...

Şuşa haqqında deyilənləri, Şuşalı kadrları, Şuşanı vəsf edən mahnı və rəqsləri mən də  Azər­baycan Ordusunun qüdrətinə ehtiram bildim; Azərbaycan Ordusunun döyüşlə azad etdiyi Şuşanı dünya 2020-ci ilin noyabrında daha əhatəli tanıdı, Şuşa əməliyyatı yüz illərin möcüzəsi kimi tarixləşdi. Bu kadrları, İkinci Qarabağ müharibəsini əks etdirən tarixi kadrları görüncə yarış iştirakçıları nə düşünürdülər görəsən?

Azərbaycan musiqisi komandaların üzvlərini də, qonaqları da məftun etdi. Hamısı, ob­raz­lı şəkildə desək, bu musiqiləri “nəfəs çəkmədən” dinləyirdi. O anlarda bəlkə də heç biri ya­rışın nəticələri haqda düşünmürdü...

Rusiya Hərbi Dəniz Qüvvələrinin ansamblının üzvlərinin ifa etdiyi mahnılar da tama­şa­çılarda əsl dənizçi ovqatı yaratdı; musiqi hamınındır, musiqi həmin dili bilənə də doğmadır, bilməyənə də. Bu mahnıların ritmi də, aşıladığı ovqat da hamının qəlbinə yatırdı. Bizim milli rəqslərimzi aludəliklə izləyənlər matrosların rəqsinə də maraqla baxırdılar. Hərəkətlərin plastikası da, yozumu da tamaşaçılara doğma duyğular yaşadırdı...

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov çıxışında Xəzər dənizini Xəzəryanı dövlətlərin sülh, əmin-amanlıq dənizi adlandırdı. Dinləyənlər çıxışın ma­hiy­yətini sülhə, əmin-amanlıq dənizini bəşəri niyyətlə sevməyə, bu niyyətlə qorumaq istə­yi­nə yozdular: Xəzər təkcə yarışlar üçün ortaq dəniz deyil, həm də sevgimizin ortaq dənizidir.

Su duruluqdur, duruluq ifadəsi həm də siyasi münasibətlərə şamil edilməlidir, yəni döv­lət­lərarası münasibətlər su kimi duru olmalıdır. Duruluğu yaşatma bəşəriliyə xidmət de­mək­dir. Bu baxımdan “Dəniz kuboku” bəşəriliyə xidmət üçündür...

Aparıcı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani “Dəniz kuboku”nun mahiyyətini, iştirakçı dövlətlərin bu yarışmaya sevgi həddində münasibətini, Bakının bu yarış­ları həmişə yüksək səviyyədə necə təşkil etdiyini gözəl epitetlərlə çatdırdı; hadisəyə - “Dəniz kuboku - 2022”nin bağlanış mərasiminə şair münasibəti yarış iştirakçılarına da, tədbirə dəvət edi­lənlərə də gözəl könül xoşluğu verdi...

Məlum oldu ki, Qazaxıstanın komandası 3-cü, İranın komandası 2-ci, eyni xal toplayan Rusiya və Azərbaycan komandaları münsiflər heyətinin qərarı ilə 1-ci yeri tutub...

Komandalar böyük coşqu ilə təltif edildilər. “Dəniz kuboku - 2022” Rusiya və Azər­bay­can komadalarının kapitanlarına təqdim edildi.

Rusiyanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Yay gecəsində dəniz sahilində Azərbaycanın hərbi dənizçilərinin uğuruna görə səs­lən­di­rilən himnimizi dinləmək necə xoş idi! Mənə elə gəlirdi ki, himnimizi həmin anlarda Laçında, Kəlbəcərdə xidmət edən hərbi qulluqçularımız da eşidir...

“Dəniz kuboku - 2022” başa çatdı. Bu yarış Xəzəryanı dövlətlərin qarşılıqlı etimada, sülhə, əmin-amanlığa əsaslanan münasibətlərinin təntənəsi kimi izlənildi...

Monitorda Azərbaycan gerçəkliklərini göstərilirdi. Hamı İkinci Qarabağ müharibəsinin gerçəkliklərini əks etdirən kadrlara maraqla baxır, onları tarixin kadrları kimi, tarixi kadrlar kimi izləyirdilər. Görəsən bu kadrlar hamıda eyni duyğularımı yaradırdı?..

“Dəniz Kuboku -2022” başa çatdı. Dünya ictimaiyyəti Azərbaycanda daha bir beynəlxalq müsabiqəni maraqla izlədi. İzlədi və əmin oldu ki, Azərbaycan dünyəvi dövlətdir, bəşəri döv­lət­dir...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı