Prezident İlham Əliyevin Qırğızıstana səfəri mühüm siyasi və tarixi əhəmiyyətə malikdir. Bu, təkcə iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə deyil, ümumiyyətlə, türk dünyasının inteqrasiyasına xidmət edən mühüm bir səfərdir. Dövlətimizin başçısının Qırğızıstanda yüksək səviyyədə keçirdiyi görüşlər, imzalanan sənədlər ölkə rəhbərinə və nümayəndə heyətinə olan səmimi münasibət əlaqələrin necə də yüksək olmasınından xəbər verir. Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi müsahibə və açıqlamalar əlaqələrin bundan sonrakı inkişafı haqqında aydın təsəvvürlər yaradır. İki ölkə arasında nəticələrə hədəflənmiş əməkdaşlıq zərurətdən yaranıb. Bu mənada Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyət kəsb edir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi məsələlərinə, iş yerlərinin yaradılmasına və iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, iki ölkə arasında daha öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə artıq praktikada özünün müsbət nəticələrini göstərməkdədir. Bəyannamədə qeyd olunan niyyətlər bu gün real siyasi-iqtisadi həyata transformasiya olunub. Bu mənada mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil və yüksək texnologiyalar sahələri istiqamətini əhatə edən məsələlər prioritet kimi qəbul edilib. Sözsüz ki, ölkələrimiz arasında effektiv əməkdaşlığın konkret nümunələri də mövcuddur. Bu sırada Azərbaycanın iki peykinin – “Azersky” və “Azerspace-1”in qırğız tərəfdaşlarımıza xidmət göstərdiyini xüsusilə qeyd edə bilərik. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
İltizam Yusifov qeyd edib ki, Azərbaycan-Qırğızıstan əlaqələrində effektiv əməkdaşlıq amili beynəlxalq təşkilatlar çərçivəsində birgə addım atmaq və səmimi qarşılıqlı dəstəyə əsaslanır. Bu gün Bişkekdə ən böyük məktəblərdən biri ulu öndər Heydər Əliyevin, digəri isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, eyni zamanda, mədəniyyət paytaxtımız Şuşanın Qırğızıstan şəhərləri ilə qardaşlaşması münasibətlərin yeni mərhələyə yüksəlməsini ehtiva edir.
Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, inteqrasiya prosesinə fəal töhfə verir. Tarixi ənənələrimiz, əcdadlarımızdan bizə miras qalan dəyərlərə söykənərək xalqlarımızın nadir mədəniyyət nümunələrini qoruyub saxlaması başlıca amil hesab edilir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qırğızıstan Prezidenti Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışa malikdir. Təbii ki, bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır.
“Bu gün dünya yeni təhlükələr, təhdidlər qarşısındadır. Xüsusilə də, bəzi Qərb dairələri türk dünyasının bütövləşməsinə, bir olmasına qarşı çıxır, bu birliyi pozmağa çalışırlar. Türk dilli dövlətlər belə təhlükələrə hazır olmalı, təhdidlərə qarşı vahid yumruq kimi birləşməlidir. Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında əməkdaşlığın güclənməsi, əlaqələrin intensivləşməsi tarixin hökmüdür. Biz bir olanda daha güclü oluruq. Biz bir olmalıyıq, iri olmalıyıq. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasətin bəhrələrini görməkdəyik. Biz 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra baş vermiş erməni təxribatlarında Ermənistanın regionda necə təklənməsinin şahidi olduq. Bütün ümidlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bağlayan Ermənistan həmin qurumdakı türkdilli dövlətlər tərəfindən rədd cavabı aldı. Bu, bizim gücümüzün göstəricisidir”, - deyən deputat hesab edib ki, Azərbaycanla Qırğızıstan arasında iqtisadi əlaqələrin güclənməsi üçün imkanlar genişdir. İki ölkənin hökumət komissiyaları bu əməkdaşlığın istiqamətlərini, inkişaf vektorlarını işləyib hazırlayacaqlar.