Azərbaycan-Macarıstan dostluq əlaqələri Avrasiya üçün çox böyük önəm daşıyır

“Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu gün iki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Eyni zamanda, Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Hər iki ölkə bu gün həm də qlobal layihələrin mərkəzi aktorları kimi mühüm əhəmiyyət kəsb edirlər. Bu mənada Azərbaycan-Macarıstan dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya üçün çox böyük önəm daşıyır”.

Bunu Sabahinfo.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir: “Azərbaycan ilə Macarıstan arasında ali səviyyədə siyasi dialoq mövcuddur, ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Hazırda Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Bu gün artıq Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyət göstərmək niyyətlərini nümayiş etdirirlər. Bir fakt da qeyd edilməlidir ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25 min avro ianə edib”.

“Azərbaycan-Macarıstan münasibətləri həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, sonra Rumıniyaya, daha sonra isə Macarıstana və digər Avropa ölkələrinə çatdırılacaq: “Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin biri kimi Macarıstanla inkişaf edən əlaqələri bu sahədə də böyük üstünlüklər vəd edir. Elə dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan da Macarıstana yüklərin ötürülməsi bunun əyani sübutudur”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisi olub: “Bu səfər göstərib ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq. Macarıstanın Baş nazirinin Prezident İlham Əliyev haqqında dediyi fikirlər isə dövlətimizin başçısına olan inam və etimadın növbəti dəfə isbatı idi”.