Məşhur Məmmədov,
Millət vəkili
19 iyun 2025-ci il tarixində Kahramanmaraşda keçirilən “Azərbaycan” məhəlləsinin açılışı iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasındakı münasibətlərin necə dərin, sarsılmaz və qürurverici olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə baş tutan bu mərasim təkcə məhəllənin istifadəyə verilməsi deyil, həm də mənəvi birliyin, ortaq taleyin və hər zaman bir-birinin yanında olan iki dövlətin rəmzidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Türkiyə çətin gündə də, xoş gündə də bir yerdədir. 2023-cü ilin fevralında baş vermiş dəhşətli zəlzələdə Azərbaycan xalqının göstərdiyi dəstək, axtarış-xilasetmə qruplarının fəaliyyətə başlaması, səhra hospitalının yaradılması və yüzlərlə insanın həyatının xilas edilməsi Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini – sözlə deyil, əməllə sübut olunmuş qardaşlığı təsdiqlədi:
"“Azərbaycan” məhəlləsinin salınması da məhz bu ruhun davamıdır. 90-dan çox binanın, 1200 mənzilin, məktəb və uşaq bağçasının inşası Azərbaycanın həmrəyliyini və bu ölkənin yenidən qurulmasına verdiyi töhfəni konkret şəkildə ifadə edir. Bu, humanitar diplomatiyanın, dövlətlərarası etimadın və ortaq gələcəyə inamın təzahürüdür".
Qarabağ zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyi xatırladan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Şuşa Bəyannaməsi ilə təsbit olunmuş müttəfiqlik əlaqələri real həyatda öz təsdiqini tapmaqdadır. Bu bəyanat təkcə strateji sənəd deyil, eyni zamanda xalqlar arasında vəhdətin hüquqi-siyasi bəyannaməsidir.
Kahramanmaraşda Azərbaycan Prezidenti tərəfindən səsləndirilən “Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!” çağırışı, bu birliyin regional sabitliyin, qlobal əməkdaşlığın və türk dünyasının gələcək inkişafının mühüm dayağı olduğunu göstərir. Bu gün bu iki ölkənin münasibətləri artıq bir nümunə modelinə çevrilmişdir.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı eyni zamanda XXI əsrdə türk dünyasının həmrəyliyinin, birgə taleyinin, qardaşlığının canlı rəmzi kimi tarixə yazıldı. Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə etdiyi çıxışda Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirərək, bu addımı "qardaşlıq möhürü" kimi dəyərləndirdi. Bu sözlər və duyğular təsadüfi deyildi – çünki bu mərasimdə "Bir millət, iki dövlət" anlayışı konkret əməllə gerçəkləşdi.
Ərdoğanın çıxışında bir neçə strateji mesaj vardı: birincisi, Türkiyə zəlzələ bölgələrinin bərpasına sadəcə dövlət vəzifəsi kimi deyil, milli mübarizə kimi yanaşır. Bu, onun sözlərində belə ifadə olundu: "Biz yaşadığımız prosesi milli mücadiləyə bərabər sayırıq." Bu ifadə, əslində, dövlət-vətəndaş birliyinin dərinliyini göstərir. Və bu mübarizədə Azərbaycan dövləti və xalqının rolu xüsusi vurğulanır – Prezident Əliyevin liderliyi ilə həyata keçirilən yardım fəaliyyəti və qardaşlıq jesti Türkiyədə böyük rəğbətlə qarşılanır.
İkincisi, Prezident Ərdoğan "Azərbaycan" məhəlləsinin açılışını yalnız tikinti layihəsi kimi deyil, “tale birliyinin konkret nümunəsi” kimi dəyərləndirdi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin artıq sadəcə müttəfiqlik deyil, bir ruh və yaddaş birliyi kontekstində inkişaf etdiyini göstərir. Həm Kahramanmaraşda, həm Şuşada, həm də Ankarada və Bakıda – bu birliyin eyni güclə təzahür etdiyini görürük.
Üçüncüsü, Prezident Ərdoğanın çıxışında milli iradənin, siyasi sabitliyin və xalqla birliyin vacibliyi bir daha vurğulandı. O, “Bizim kompasımız müxalifət deyil, millətimizdir” fikri ilə siyasi populizmdən uzaq, xalqa xidmət strategiyasının əsas prinsipini ortaya qoydu. Bu da bir daha sübut edir ki, Prezident Ərdoğanın liderliyi ilə Türkiyə dövlətinin qarşısına qoyduğu məqsəd – zəlzələ bölgələrinin bərpası və milli həmrəyliyin möhkəmləndirilməsi – real və davamlı siyasətə əsaslanır.
Prezident Ərdoğanın “Allah Azərbaycan ilə birliyimizi və diriliyimizi daimi etsin” duası bu mərasimi həm də mənəvi baxımdan güclü bir hadisəyə çevirdi. O, Azərbaycana 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırmaqla, tarixi proseslərdə iki ölkənin necə çiyin-çiyinə hərəkət etdiyini də xatırlatdı.
Bu mərasim və çıxışlar göstərdi ki, Azərbaycan-Türkiyə birliyi sadəcə regional deyil, qlobal əhəmiyyət daşıyan bir ittifaqdır. Bu ittifaqın təməlində ortaq tarix, dəyərlər, mənəviyyat və ən əsası – qardaşlıq dayanır. Məhz bu dəyərlər əsasında formalaşan münasibətlər bu gün çətin zamanlarda da, quruculuq dövründə də eyni inamla davam edir.
Bu tədbir, həm də bir həqiqəti nümayiş etdirdi: təbii fəlakətlər evləri yıxa bilər, amma qardaşlıq kimi uca bir dəyəri sarsıda bilməz.